Xəbər verdiyimiz kimi, 23-26 yanvar tarixlərində ölkəmizdə Özbəkistan elm və mədəniyyət günləri keçirilib. Bu münasibətlə qardaş ölkədən geniş nümayəndə heyəti Bakıya səfərdə olub.
Yanvarın 25-də Özbəkistan Rəssamlıq Akademiyasının akademiki, Xalq rəssamı Cavlyat Umarbekov və bu ölkənin Xalq yazıçısı, “Təfəkkür” jurnalının baş redaktoru Erkin Nuriddinov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) olublar.
Təhsil ocağında keçirilən görüşdə Xalq rəssamları, professorlar – ADRA-nın rektoru Natiq Əliyev, beynəlxalq əlaqələr üzrə prorektor Səlhab Məmmədov, elmi və yaradıcılıq işləri üzrə prorektor Fuad Salayev və Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev iştirak ediblər.
Söhbət zamanı rektor Natiq Əliyev akademiyanın fəaliyyəti, tədris proqramı, beynəlxalq əlaqələri barədə məlumat verib, iki ölkə arasında yaradıcılıq əlaqələrinin, tələbə-müəllim mübadiləsi aparılmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, ötən il ADRA ilə Daşkənd Milli İncəsənət və Dizayn Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Xalq rəssamı Cavlyat Umarbekov Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb, xüsusilə, ADRA ilə əməkdaşlığın genişlənməsindən məmnunluq duyduğunu qeyd edib.
Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.