Qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən bir sıra turizm şirkətləri ölkəmizin regionlarına müxtəlif turlar təklif edirlər. «Vektor Travel» turizm şirkəti istirahət həvəskarlarını Zaqatala-Balakən-Qax-İlisu marşrutu üzrə səyahətə dəvət edir. 10-11 avqust tarixlərində baş tutacaq turun qiyməti 79 manatdır.
Avqustun 10-da səhər saat 7-də Bakıdan yola düşəcək tur iştirakçıları Şamaxıda səhər yeməyi yedikdən sonra yolüstü Qəbələdə, Nohurgöl sahilində qısa fasilə edib Zaqatala istiqamətində hərəkət edəcəklər. Rayon mərkəzində yerləşən hoteldə nahardan sonra Zaqatala qalasına ekskursiya təşkil olunacaq.
Zaqatala qalası tarixi abidədir. 1830-cu ildə tikilən qala çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi olub. Ötən əsrin əvvəlində “Potyomkin” zirehli gəmisinin üsyançı matrosları da Zaqatalaya sürgün edilmiş və bu qalada saxlanılmışdılar. Bu hadisə Qılman İlkinin «Qalada üsyan» romanında əksini tapıb, həmin əsər əsasında «Yenilməz batalyon» bədii filmi çəkilib.
Səfərin 1-ci günü iştirakçıları Balakənə səfər, rayonun gözəl təbiətini kanatdan izləmək, böyük parkda yerli sakinlərin iştirakı ilə gözəl milli rəqslərlə əylənmək və hoteldə şam yeməyi gözləyir.
Turun 2-ci günü Zaqatala-Qax istiqamətində yola çıxacaq turistlər «İlisu» Dövlət Qoruğunu gəzəcəklər. Sahəsi 9,2 min hektar olan qoruqda mühafizə olunan əsas obyektlər orta dağlıq qurşaqdakı meşələrdir. Qanıq-Əyriçay vadisi rayonunda heyvan və balıq ovu üçün münasib yerlər var. Sonra tur iştirakçıları Ulu körpü və Sumux qalasına ekskursiya edəcəklər.
Ulu körpü Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidəsidir. XVIII əsrə aid edilən körpü İlisu kəndinə gedən yolda Kürmük çayının üzərində salınıb.
Sumux qalası İlisuya şöhrət gətirən memarlıq abidələrindən biridir. Vaxtilə müdafiə qülləsi kimi tanınıb. Qüllənin yaranma tarixi XVII-XVIII əsrlərə aid edilir. Rəvayətə görə, bu qülləni İlisunun 9-cu hakimi olan Sumu adlı şəxs tikdirib.
Tur iştirakçıları daha sonra İlisu şəlaləsinə də baş çəkəcəklər.
Bayram günlərində daha bir daxili tur «Millennium & Turizm Konqres DMC» tərəfindən Masallı rayonuna reallaşdırılacaq. 11 avqusta nəzərdə tutulan səfər zamanı turistlər Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşən İstisu «Fatimeyi-Zəhra» şəfa sanatoriyasında olacaq, 250 pilləli Yanardağı fəth edəcək, Masallı-Yardımlı yolunun 25-ci km-də yerləşən Təkdam şəlaləsini görə biləcəklər. 34 metr hündürlüyü olan şəlalə üst hissəsindən - təxminən 1500 metr yüksəklikdə - ətrafa möhtəşəm panoram açılır. Sovet hakimiyyəti zamanında bu dağlıq ərazidə tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı «tək dam» deyə çağırıblar. Təkdam şəlaləsinin yerləşdiyi zona bölgəyə istirahətə gələnlərin daha çox üz tutduğu məkandır.
Turun qiyməti 28 manatdır.
Fəxriyyə