24 yanvar – 6 fevral tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində 55-ci Beynəlxalq Kitab Sərgisi keçirilir.

“Bilik yaradırıq, sözü qoruyuruq!” şüarı altında keçirilən builki sərgiyə 70 ölkə qatılıb. Sərginin fəxri qonaq ölkəsi Norveçdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Misir Ərəb Respublikasındakı səfirliyimizin dəstəyi ilə ölkəmiz də sərgidə təmsil olunur.

Milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafı ilə bağlı nəşrlər nümayiş olunur. Ziyarətçilərə ölkəmiz, o cümlədən bu il ICESCO tərəfindən 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhəri haqqında məlumat verilir.

Mədəniyyət Nazirliyinin əməkdaşları və şair, yazıçı Aqşin Yeniseyin yer aldığı heyət sərgi çərçivəsində bir sıra tədbirlərə də qatılıblar.

Tanınmış yazıçı Rövşən Abdullaoğlunun psixoloji-detektiv janrda qələmə aldığı “Abaddon” romanı da ərəb dilində Qahirə sərgisində oxuculara təqdim olunub. Kitab Misirdə “Jusur Publishing” nəşriyyatında işıq üzü görüb. Roman Azərbaycanda ilk dəfə 2018-ci ildə çap edilib. Daha sonra rus və ingilis dillərində nəşr olunub.