Bakıda keçirilən Özbəkistanın Elm və Mədəniyyət Günləri çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Özbəkistan və Azərbaycan: mədəniyyətlərin müzakirəsi (dialoqu)” adlı dəyirmi masa təşkil olunub.
İnstitutdan bildirilib ki, əvvəlcə qonaqlar özbək müəlliflərinə aid əlyazma abidələri ilə bağlı Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı sərgi ilə tanış olublar. Şöbənin Nigar Babaxanova qonaqlara sərgidə nümayiş olunan əlyazmalar haqqında məlumat verib.
Dəyirmi masada Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Azərbaycan ilə Özbəkistan arasında tarixən sıx mədəni əlaqələrin mövcud olduğunu, hər iki xalqın bir-birinin mədəniyyətindən bəhrələnib onun inkişafına özünəməxsus təsir göstərdiyini qeyd edib. O, Azərbaycan-özbək ədəbi əlaqələrinin poetik təməlinin özbək klassik şairlərinin Nizami Gəncəvi irsinə məhəbbəti ilə qoyulduğunu, Əlişir Nəvai və Məhəmməd Füzulinin ustad-varis münasibətilə daha da möhkəmləndiyini vurğulayıb. T.Kərimli bildirib ki, Daşkənd şəhərində Nizami Gəncəvinin və Bakıda Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycanın paytaxtında küçələrdən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi, Özbəkistanın paytaxtında Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkın açılışı və bu kimi digər işlərin həyata keçirilməsi ölkələrimiz arasında qarşılıqlı marağın, tarixən mövcud olan hörmətin parlaq nümunəsidir. Alim qeyd edib ki, xalqlarımız arasında mövcud olan möhkəm dostluq və qardaşlıq münasibətlərinin özəyində isə elm, ədəbiyyat və mədəniyyət xadimlərimizin yazılı irsinin qarşılıqlı öyrənilməsi durur.
Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduxaliqov və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı Özbəkistanın ölkəmizdə qorunan mədəni irsindən söz açıblar. Bildiriblər ki, Azərbaycanda və Özbəkistanda qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi ölkələrimiz arasında olan sıx dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir.
Tədbirdə “Özbəkistan əlyazma irsinin şedevrləri dünya saxlanclarında” adlı videoçarx nümayiş olunub.
Sonra “Milli Azərbaycan Tarixi Muzeyinin özbək kolleksiyası haqqında”, “Andromeda və balıq bürcləri Mirzə Uluqbəy tədqiqatlarında”, “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında Özbəkistan və Azərbaycanın toy tikmələri (əl işləmələri)”, “İncəsənət tarixində Özbəkistan və Azərbaycan əlaqələri”, “Özbəkistanın əlyazma irsi Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında”, “Azərbaycan Milli İncəsənət Muzeyi kolleksiyasının özbək incəsənət nümunələri vasitəsilə qarşılıqlı zənginləşdirilməsi” mövzularında məruzələr dinlənilib.
Dəyirmi masa bitdikdən sonra Özbəkistan mədəni irsinin öyrənilməsi, mühafizəsi və təbliği üzrə Ümumdünya Cəmiyyətinin xətti ilə nəşr olunan “Özbəkistanın mədəni mirası dünya saxlanclarında” layihəsi çərçivəsində çap olunan çoxcildliyin 36-50-ci cildləri institutun kitabxanasına hədiyyə edilib. Əlyazmalar İnstitutunun direktoru da daxil olmaqla bu layihədə iştirak edən müəssisələrin rəhbərlərinə sertifikatlar təqdim edilib.