F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycanın tənqid və ədəbiyyatşünaslıq elminin ilk peşəkar və görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin (1863–1920) anım günü qeyd olunub.
Kitabxanadan bildirilib ki, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova ədəbiyyatşünas alimin ədəbi irsində uşaq və şifahi xalq ədəbiyyatı məsələlərinin tədqiqinin xüsusi yer tutduğunu qeyd edib. O bildirib ki, uşaq ədəbiyyatından nümunələrin toplanması, nəşri və inkişaf etdirilməsinə xüsusi önəm göstərən ədibin 1912-ci ildə özündə uşaq folklor antologiyasını ehtiva edən “Balalara hədiyyə” kitabı nəşr olunub.
“Gəncliyə Yardım Fondu”nun əməkdaşı Qoşqar Abbas XX əsrin birinci onilliyindən başlayaraq maarif və mədəniyyətin çiçəklənməsi, gənc nəslin təlim-tərbiyəsi və inkişafında böyük əhəmiyyəti ilə diqqət çəkən Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Çıxışçılardan sonra F.Köçərlinin yaradıcılığını özündə əks etdirən videoçarxlar və “Elektron məlumat bazası” təqdim edilib.
Virtual oxucular üçün nəzərdə tutulan materiallar 1911-ci ildən başlayaraq 2023–cü ilə qədər olan zamanı əhatə edir. Bazaya ümumilikdə 275 adda kitab və məqalədən ibarət material, foto və sənədli filmlər daxildir.