Yasamal rayon MKS-nin A.Şaiq adına 2 nömrəli kitabxana filialı Telman Abbasov adına 225 nömrəli tam orta məktəblə birgə görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) anadan olmasının 140 illiyi ilə əlaqədar “İstiqlal carçısının parlaq siması” adlı tədbir keçirib.

Kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova tədbiri açaraq bildirib ki, Məhəmməd Əmin Rəsulzadə ötən əsrin əvvəllərində Azərbaycan milli  istiqlalının bayraqdarı olub. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” kəlamı XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

225 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Zenfira Nusalova Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktoru olduğu “Füyuzat”, Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə nəşr olunan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalə və şeirlərinin çap olunması barədə məlumat verib. Qeyd edib ki, gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəylinin 1907-ci ildə çapdan çıxmış “Türk-rus və rus-türk lüğəti”nin naşiri M.Ə.Rəsulzadə olub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazar Leyla Mətin şeirlərini söyləyib.

Digər çıxışlardan sonra musiqi nömrələri səsləndirilib.