Dünya Turizm Təşkilatının proqnozları özünü doğruldur
Dünya Turizm Təşkilatı 2013-cü ilin 4 ayının nəticələrini açıqlayıb. Qurumun rəsmi saytında verilən xəbərdə bildirilir ki, bu ilin yanvar-aprel aylarında dünyada 298 milyon turist səyahəti reallaşdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon nəfər (4,3 faiz) artıqdır. DTT-nin 2013-cü ilin yay turizm mövsümü üçün proqnozlarına görə, may-avqust aylarında dünya üzrə 435 milyon nəfərin turist səfərinə çıxması gözlənilir.
Bir çox regionlar üzrə müsbət nəticələr müşahidə olunsa da, turist səfərlərinin sayında azalma qeydə alınan regionlar da var. Asiya-Sakit okean hövzəsində 6 faiz, Avropada 5 faiz, Yaxın Şərqdə 5 faiz artım qeydə alınıb, Amerika regionu üzrə 1 faiz, Afrikada isə 2 faiz azalma olub. Dünya Turizm Təşkilatının ekspertləri hesablayıblar ki, Cənub-Şərqi Asiyada 12 faiz, Cənubi Asiyada 9 faiz, həmçinin Mərkəzi və Şərqi Avropada 9 faiz artım qeyd alınıb.
«Beynəlxalq turizm yüksək sürətlə gözlənilən nəticələri doğrultmaqdadır», - deyə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirib. Baş katibin sözlərinə görə, ilk ayların göstəriciləri onu deməyə əsas verir ki, hazırda turizm dünyanın bir çox ölkələrində iqtisadiyyatın aparıcı istiqaməti kimi inkişaf edir.
Fəxriyyə Abdullayeva