“Millət və milli mədəniyyət uğrunda mübarizə dil uğrunda mübarizədir...”
Yanvarın 31-də görkəmli dövlət və ictimai xadim, ədəbiyyatşünas, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) anadan olmasının 140 illiyi tamam olur.
Prezident İlham Əliyev bu dahi şəxsiyyət haqqında demişdir: “Məhəmməd Əmin Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir”.
Ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş böyük demokratın publisistikasının mühüm bir qolu da dil və ana dili məsələlərinə həsr edilmişdir.
O hələ 1914-cü ildə "Dil ictimai mühüm bir amil kimi" adlı məqaləsində yazırdı: "Əvət, dil təbiidir, binaən əleyh əslidir (ona görə də qədimdir), millətlə bərabər hasil olur. Dilsiz bir millət olmadığı kimi, millətsiz də dil olmaz... Dil milyonlarla insanların və bir çox nəsillərin müştərək vücuda gətirdikləri bir mohibədir (fəxrdir). Dil qanlı və canlı, adətən üzvi və zihəyat (canlı) bir vücuddur”.
Dil millətin simasıdır...
XX əsrin əvvəlləri cəmiyyətimizdə ziddiyyətlərin şiddətləndiyi, siyasi mənafelərin toqquşduğu və təbəqələşmələrin meydana çıxdığı, dilimizlə bağlı qruplaşmaların yarandığı və dil barədə ciddi müzakirələrin getdiyi, milli özünüdərk və milli azadlıq uğrunda mübarizənin gücləndiyi mürəkkəb bir dövr idi. Belə bir dövrdə Rəsulzadə yazırdı: “Milliyyət naminə aparılan mübarizələrin tarixi öyrənilsə, aydın olar ki, bu mübarizədə ən çox müdafiə olunan dildir. Millət və milli mədəniyyət uğrunda mübarizə dil uğrunda və dilə bağlı olan məktəb, ədəbiyyat, mətbuat uğrunda mübarizədir. Həqiqətən, milləti hər şeydən artıq dil təmsil edir”. Başqa sözlə, dil uğrunda mübarizə bərabərdir millət və onun azadlığı uğrunda mübarizəyə. Bir başqa cür deyəsi olsaq, millətin azadlığı uğrunda mübarizə elə dil uğrunda mübarizə deməkdir.
Ona görə də Rəsulzadə “Milli dirilik” məqaləsində deyirdi: “Milliyyətin ümdə rüxnünü (simasını) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir... Çünki dil həmən millət deməkdir”.
O, “Milli dirilik” seriyasına daxil olan beşinci məqaləsində dilin müstəmləkəçi-assimilyator siyasətlərdə əsas hədəf olduğunu göstərir, digər dillərə hədsiz aludəçiliyin təhlükəli olduğunu bildirirdi. Məsələn, o, “İranda türklər” məqaləsində qeyd edirdi ki, fars dilinə hədsiz aludəçilik İran türklərini o qədər farslaşdırmışdır ki, onlar özlərini iranlı, türkləşmiş fars sayırlar.
Böyük mütəfəkkir yuxarıda adıçəkilən “Dil ictimai bir amil kimi” məqaləsində haqlı olaraq qeyd edirdi: “Dil millətin canıdır... İştə bunun üçündür ki, bir dili öldürmək, bir milləti öldürmək deməkdir... Dil durduqca, millət də durar, öldümü, millət də canını bağışlar. Dillərini unutmağa başlayan millətlər axırı qəti bir ölüm olan fəlakətli bir yola girişmişlərdir”.
Ona görə də o, Azərbaycanda təlimin uzun əsrlər ərəb və fars, XIX əsrdən isə rus təlim sistemində aparılmasını kəskin tənqid atəşinə tutur, təhsilin ana dilində aparılmasını israrla tələb edirdi. Məqalələrində təhsilin təşkil edildiyi dilin həmin bölgədə aparılan imperialist siyasətin bir parçası olduğunu dönə-dönə vurğulayırdı. M.Ə.Rəsulzadəyə görə, yad dildə təlim-tərbiyə verilən məktəblərdə məqsəd birbaşa olmasa da, dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edir, gəncləri öz soykökündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini unutdurur, nəticədə vətəninə, xalqına fayda verə bilməyən yad əxlaqlı bir insana çevirir.
Azadlıq aşiqi yazırdı: “Mədəni yaşayış üçün 3 əsas amil lazımdır: milliyyət, beynəlmiləliyyət və əsriyyət (müasirlik). Millətin rüxnü ana dili, beynəlmiləliyyətin əsası din və əsriyyətinin binası əsrə hakim olan ülum və finun (elm və bilik) ilə məhəllinə görə onun vasitəsi olan dillərin öyrənməsidir". O deyirdi ki, dil “dindən daha qüvvətli bir amili-ittihad (birlik) və millətin ən doğru bir müməssili (təmsilçisi) olduğu kimi, həm də millətin yeganə vəsileyi-tərəqqisidir (tərəqqi vasitəsidir). Millətləri maddətən etila etdirmək (həqiqətən, inkişaf etdirmək), mədəni və mütərəqqi qılmaq üçün dinlərdən deyil, dillərindən istifadə edilir. Hətta dinin tərcivi (aydınlaşdırmaq, izah etmək) içün belə dilə ehtiyac vardır”. Milli azadlıq, istiqlal ideyalarını təbliğ edən böyük insan millətin tərifində dini birliyi yox, dil və mədəniyyət birliyini önə çəkirdi.
Rəsulzadə “Açıq söz” qəzetində çap etdirdiyi “İslam dini və ana dili” adlı məqaləsində çox maraqlı bir məsələyə də toxunmuşdu. Həmin məqalədə müəllif “Dualar, namaz ana dilində ola bilərmi?” sualına aydınlıq gətirirdi. Müəllif yazırdı: “Diləkləri öz dilində diləmək, istədiklərini öz dilində istəmək, ağzından çıxan sözlərin nə mənada sözlər olduğunun özünü də bilmək, bizcə, daha məqbul görünüyor. Duaların mənalarını anlamaqla xalqda İslamın ruhunu, fikrini anlamaq daha da irəlilər... Bu gün İslam aləmində olan zahiri birlik o zaman ruhi və mənəvi birliyə mübəddəl (çevrilmiş) olar”. Çünki dinin anlaşılmasının ən önəmli vasitəsi dildir.
Rəsulzadə dilin cəmiyyətdəki rolunu və əhəmiyyətini nəzərə alaraq onu yaxşı öyrənməyi, yad təsirlərdən qorumağı və inkişaf etdirməyi hər bir Vətən övladının müqəddəs vəzifəsi hesab edirdi: “...Bu qədər bir əhəmiyyətə malik olan dilin mühafizəsi bittəb (təbii olaraq) dil sahiblərinə ən çox lazım olan şeylərdən biri, bəlkə də, birincisidir. Dilimizi, həqiqətən də, millətimizin ruhu və onun vasiteyi-bəqası (varlıq vasitəsi) məqamında görmək istəyirsək, onu cameiyyəti-milliyyəmizdə ən mühüm bir ittihad və tərəqqi amili ədd etməliyik (hesab etməliyik) ...”.
Doğma dilimizin qorunması, saflığı və inkişafı uğrunda mübarizədə Rəsulzadənin mühüm xidmətləri olmuşdur. Milli intibahın və milli vicdanın varlığını dildə görən böyük mütəfəkkir əcnəbi sözlərin yerli-yersiz dilə gətirilməsinin əleyhinə idi. Onun fikrincə, bu, ana dilinin özünü belə “xarab edir”. Görkəmli dilçi alim, akademik Tofiq Hacıyevin də dediyi kimi, “Ana dili Tanrı gücündə varlıqdır. Tanrı isə şərik sevməz”. Təsadüfi deyildir ki, Xalq Cümhuriyyəti dövründə milli dilin qəliz ərəb və fars sözlərindən təmizlənməsi prioritet məsələlərdən idi. Rəsulzadə dilin təmizlənməsi üçün yerli şivələrdən ibarət lüğət kitablarının hazırlanmasını, folklor nümunələrinin toplanmasını tövsiyə edirdi. Ədəbi dillə canlı xalq danışıq dili arasında yaxınlaşmanı təmin etməyi məsləhət bilirdi.
Böyük demokrat dildə termin yaradıcılığına da öz münasibətini bildirmişdi. O, “Yeni İstanbul” qəzetində çap olunmuş “Türk kültürü boyunduruq altında” adlı məqaləsində rusbaşların beynəlxalq və rus terminlərini ancaq rusca yazmaq, ərəb, fars və Osmanlı türkcəsindən olan terminlərin yerinə eyni mənanı verən rus sözlərini işlətmək, termin yaradıcılığında türk dillərinin heç birindən söz almamaq barədə tələblərini haqlı olaraq tənqid edirdi.
Türk xalqlarının ortaq ünsiyyət məsələsi
M.Ə.Rəsulzadənin ortaq dil və ortaq əlifba barədə fikirləri bu gün də aktualdır. O, XX əsrin əvvəllərində ortaq dil məsələsi barədə türk ölkələrinin mütəfəkkirləri arasında gedən müzakirələrdə fəal iştirak edir, “Türk dil qurumu” ilə sıx əməkdaşlıq edir, bütün türklər üçün ortaq türk dili təsis etmək fikrini qətiyyətlə müdafiə edirdi. Təsadüfi deyildir ki, 1919-cu ildə Müsavat partiyasının qurultayında “Biz ortaq tükcə yaratmalıyıq”, deyə vurğulamışdı. Yaxşı bilirdi ki, dil birliyi mənəvi birliyin qapısıdır. Mahmud Kaşğarinin dediyi kimi, "Türkün ürəyinə girmək üçün onunla onun dilində danışmaqdan başqa yol yoxdur”.
"Gözəl ilə böyüyə – türk, gözəllik ilə böyüklüyə – türklük, gözəl və böyük sözə – türkcə, gözəllik və böyüklük diyarına – Türküstan" deyən Rəsulzadə ortaq ünsiyyət dili olacaq dilin digər milli türk dillərinin sıxışdırılması hesabına yaradılmasının əleyhinə idi. O hər bir türk xalqının öz dilini inkişaf etdirməklə yanaşı, ortaq türk dili yaradıb digər xarici dillərin köməyi olmadan həmin ortaq ünsiyyət dilindən yararlanmasını arzulayırdı. Ortaq türk dili üçün süni dil yaratmaq əvəzinə türk xalqlarından birinin dilini ünsiyyət vasitəsi kimi seçməyi daha doğru hesab edirdi. Bilirdi ki, süni dil esperanto kimi yaşamayacaq. Görkəmli ictimai-siyasi xadim, ortaq türk dili kimi Osmanlı türkcəsini (İstanbul ləhcəsini) təklif edirdi.
Cümhuriyyət dövründə rəsmi sənədlərdə və rəsmilərin danışıqlarında, digər siyasi xadimlərin nitqlərində Osmanlı türkcəsinə (İstanbul ləhcəsinə) aid ifadə və kəlmələrin çox işlədilməsi də bu şəxslərin həmin dili ortaq dil statusunda görmələri ilə bağlı idi.
Rəsulzadə imla (yazı) problemlərinə də laqeyd olmamışdı. İmlanı ədəbiyyatın ümumi əsaslarına görə təsbit etməyi, ana dilinin özəlliklərini mümkün olduğu qədər mühafizə etməyi tələb edirdi. Yazı dilimizin danışıq dilindən fərqinin digər mədəni dillərdə olan fərqdən çox olması onu ciddi düşündürürdü. O, yazımız ilə danışığımız arasında olan fərqi azaltmağı məsləhət bilirdi. Dahi şəxsiyyət imla qaydalarının sövtü (səs) üsulla öyrədilməsinin tərəfdarı idi. O, türk xalqları arasında ortaq imla qaydalarının yaradılmasını arzulayırdı. Lakin ortaq əlifba olmadan bunun qeyri-mümkün olduğu qənaətində idi.
Əlifba problemi
M.Ə.Rəsulzadənin yaradıcılığında əlifba məsələsi də geniş yer alırdı. Bu barədə də böyük mütəfəkkirin orijinal fikir və düşüncələri vardı. O, “...bir dildə danışan, digər dildə isə yazan bir xalq” olmağımızdan dərin təəssüf hissi keçirirdi. “İqbal” qəzetinin 20 oktyabr 1913-cü il tarixli sayında dərc olunmuş “Əlifba bayramı” adlı məqaləsində müəllif hunlardan başlayan və miladın VIII əsrində Orxon-Yenisey abidələrindəki formanı alan türk əlifbasından fəxrlə bəhs edir, VII-VIII əsrlərdən sonrakı dövrü nəzərdə tutaraq təəssüflə yazırdı: “Bizim tam milli olaraq əlifbamız yoxdur. ...Ərəb əlifbasından müstəfid olurduq (faydalanırdıq)”.
Rəsulzadə elmi-təcrübi əsası M.F.Axundzadə tərəfindən qoyulmuş əlifba islahatının tərəfdarlarından idi. “Mühüm bir xəbər” məqaləsindən də gördüyümüz kimi, o, Osmanlıda və Azərbaycanda gedən əlifba müzakirələrini yaxından izləmiş və vaxtaşırı bu barədə öz fikirlərini bildirmişdir. Görkəmli ictimai-siyasi xadim “təzə bir əlifba qəbul olunması tarixi-islamda vaqe olan mühüm bir inqilabdır”, – deyirdi.
Görkəmli fikir adamı əlifba məsələsinin müzakirəsində islahatçılar qanadında (XX əsrin əvvəllərində əlifbaçılar, əsasən, islahatçılar, “ərəbçilər”, rusbaşlar, “latınçılar” kimi qruplaşmışdılar) yer almış, tələsik şəkildə latın qrafikalı əlifbaya keçməyi məqbul hesab etməmişdir. Əslində, o, latın qrafikalı əlifbanın əleyhinə deyildi. Rəsulzadə AXC dövründə latın qrafikasına keçilməsi məsələsi ilə məşğul olacaq qurumun yaradılmasına, A.Əfəndizadənin bəyənilmiş latın qrafikalı əlifba layihəsinin çapına razılıq verilməsinə etiraz da etməmişdi. Amma Türkiyə başda olmaqla bütün türk xalqları tərəfindən birlikdə qəbul ediləcək latın qrafikalı ortaq əlifbanın tərəfdarı idi. Türk xalqlarının özlərinin ümumi əlifba unifikasiyasının olmamasını onların zaman-zaman bir-birindən ayrı düşməsinə səbəb olan əsas problemlərdən hesab edirdi. Ona görə də Azərbaycanın (eləcə də digər türk xalqlarının) təkbaşına latın əlifbasına keçməsini münasib bilmirdi. Rəsulzadənin sadiq silahdaşlarından M.Məhəmmədzadənin “Odlu Yurd” jurnalında çap olunmuş “Yeni türk əlifbası və bolşevik mətbuatı” adlı məqaləsində deyildiyi kimi, “...Azərbaycanın təkbaşına ərəb əlifbasından latın sisteminə keçməsi və bütün Türk dünyası ilə tərki-əlaqə etməsi azəri türklərinin milli varlığına böyük bir zərbə olardı”. Buna görə də Rəsulzadə hələlik osmanlılar kimi ərəb əlifbasının qorunub saxlanılmasını, amma asan öyrənilməsi üçün bəzi dəyişikliklər edilməsini təklif edirdi. Xatırladaq ki, faktiki olaraq həmin dövrdə ərəb əlifbası bütün müsəlmanları, o cümlədən bütün türk xalqlarını birləşdirən əsas vasitə idi.
Böyük mütəfəkkir 1923-cü ildə “Yeni Kafkasiya” jurnalında çap olunmuş “Azərbaycanda latın əlifbası” adlı məqaləsində öz fikrini belə əsaslandırmışdı: “Azərbaycan latın hərfləri ilə yazıb-oxumağa başlayarsa, İstanbulda çıxan kitabları oxumaqdan məhrum qalar, eləcə də Bakıda intişar ediləcək əsərləri Anadolu oxuya bilməz”. Rəsulzadəyə görə, latın hərfinə keçməklə ruslar Azərbaycanla Türkiyə arasındakı mədəni rabitəni kəsmək istəyiblər. Sonrakı hadisələr azadlıq carçısının haqlı olduğunu göstərdi. Belə ki, bolşevik hakimiyyəti ilk mərhələdə Kiril əlifbasının məcburi tətbiqinin başqa xalqlar, o cümlədən türk xalqları tərəfindən onların milli mədəniyyətlərinin ruslaşdırılmasına cəhd kimi qiymətləndiriləcəyindən çəkindiyi üçün neytral yol seçmiş və latın qrafikasının tətbiqinə “göz yummuşdu”. Lakin türk xalqlarının bir-birinə, o cümlədən 1928-ci ildə latın qrafikasına keçmiş Türkiyəyə getdikcə daha da yaxınlaşmasına qısqanclıqla yanaşaraq və bunu gələcək üçün böyük təhlükə hesab edərək heç 20 il keçməmiş sovetlər birliyində yaşayan türk xalqlarının əlifbasını məcburi şəkildə Kiril əlifbası ilə əvəz etmişdi.
Uzaqgörən siyasətçi sonralar qeyd edirdi ki, əgər nəşrlərimiz diqqətlə tədqiq olunsa, ən böyük əndişəmizin türk millətləri arasındakı mədəni birliyin qarşısının alınması olduğu görünər. “Azəri türk” jurnalının 1928-ci ildə çıxan 18-ci sayında dərc olunan “Hərf inqilabı müvacihəsində (üz-üzə gəlməsində)” adlı məqaləsində Rəsulzadə vaxtilə dərc etdirdiyi məqalələrində latın əlifbasına qarşı çıxmalarının səbəbini bu şəkildə izah etmişdi: “Biz ötədən bəri vuqu bulan (mövcud olan) nəşriyyatımızda bu məsələdə islahatçıların nöqteyi-nəzərini müdafiə etmiş bulunurduq. Azərbaycandan başlayaraq bugünkü sovetlər ittihadı daxilində (Türkiyədən və bütün Türk dünyasından təcrid olunmuş şəkildə) qalmaq zərurətində bulunan bütün türk cümhuriyyətlərində tətbiq olunan latın hərflərinə (Türkiyədəkindən fərqli hərflərə) bu nöqteyi-nəzərdən qarşı gəlirdik”.
1928 və 1929-cu illərdə Türkiyədə və Azərbaycanda (həmçinin digər türk respublikalarında) latın qrafikalı əlifbaya tam keçəndən sonra M.Ə.Rəsulzadə yazırdı: “Azərbaycanın yanı-başındakı qardaş Türkiyə də latın hərfləri ilə yazmağa başlayınca kültür sahəsindəki ayırma siyasəti təbiəti ilə sarsılmış olur”. Məhz bundan sonra o, Azərbaycanda latın qrafikalı əlifbadan istifadə edilməsini məqbul hesab edirdi. Hər iki ölkədə bu əlifbanın öyrənilməsini və öyrədilməsini zəruri sayırdı.
Baxmayaraq ki, Türkiyə və Azərbaycan hər ikisi artıq latın əlifbasında yazacaqdı, amma əlifbada bəzi işarələrdə fərqliliklər də vardı. Buna görə də Rəsulzadə 1929-cu ildə artıq latın qrafikası ilə çap etdiyi “Odlu Yurd” jurnalında “Arapça, Türkçe, Sovyetçe” başlıqlı cədvəl də təqdim etmişdi. Burada məqsəd mühacirətdəki azərbaycanlıların sovet Azərbaycanındakı latın əlifbasını öyrənmələrinə köməklik etmək idi. “Odlu Yurt” jurnalında Rəsulzadənin müsavatçıların Türkiyədəki latın əlifbasını öyrənmələrinin zəruri olması ilə bağlı fikri də dərc olunmuşdur.
Ümumiyyətlə, M.Ə.Rəsulzadənin dil barədə fikir və görüşləri onun bu məsələlərə həssas münasibətindən xəbər verir. Bu düşüncələr milli fikrin və milli siyasi hərəkatın önəm verdiyi hədəflərdən olmuş, qısa ömür sürmüş AXC dövründə aparılan dil siyasətində xüsusi nəzərə alınmışdır. Ən böyük uğur isə həmin dövrdə Azərbaycan dilinin dövlət dili elan olunması idi. Bu, Şah İsmayıl Xətai dönəmindən sonra ana dilinə verilən ikinci belə status olmuşdur. Təəssüf ki, Cümhuriyyətin devrilməsi ilə bu işlər yarımçıq qalmışdır.
Lakin M.Ə.Rəsulzadənin dil barəsindəki bir sıra görüşləri bu günümüzdə də öz aktuallığını saxlamaqdadır.
İmran Verdiyev
Əməkdar müəllim