Bir sıra incəsənət xadimlərimiz kimi, onun da adının əvvəlinə aktyor, opera müğənnisi, pedaqoq və s. təyinedici sözlər yazılır. Ancaq səhnə fəaliyyətinə başladığı dövrü təsəvvürə gətirəndə bu sənətkarın yaradıcılığına və şəxsiyyətinə münasibət bir qədər dəyişir. Bu dəyişiklik, onun Üzeyir Hacıbəylinin xalası oğlu olması ilə yox, “qadın obrazlarının məşhur ifaçısı” ifadə-təyini ilə əlaqədardır. Bədəlbəylilərin məşhur nümayəndələrindən biri, bu il 140 illiyi tamam olan Əhməd Ağdamski haqqında söz açırıq.
Əhməd Bəşir oğlu Bədəlbəyli (Əhməd Ağdamski) 1884-cü il yanvarın 5-də Ağdam şəhərində ziyalı ailəsində dünyaya göz açıb. İlk təhsilini Ağdamda və Bakıda alıb. Kiçik yaşlarından səhnə sənətinə böyük maraq göstərən Əhməd teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal iştirakçıları sırasında yer alır. 1910-cu ildə “Nicat” Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlayır. Teatrda çalışdığı illərdə Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Hüseynağa Hacıbababəyov və başqa sənət fədailəri ilə dostluq edir, əməkdaşlıq qurur.
1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25 yanvar) Bakıdakı Tağıyev teatrında (indiki Akademik Musiqili Teatrın yerində) dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşası göstərilir. Müsəlman Şərqində yaranan ilk opera olan “Leyli və Məcnun”u səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi. Düzdür, ilk dəfə Leyli rolunun ifaçısı aşpaz şagirdi Əbdürrəhim (Əbdürrəhman) Fərəcov olub. Xalq artisti Hüseynqulu Sarabski “Bir aktyorun xatirələri” kitabında bu barədə yazırdı: “...Amma Leyli tapılmadı. O yan-bu yanı axtardıqdan sonra bizə bir aşpaz şagirdi rast gəldi, familiyası Fərəcov, adı Əbdürrəhim idi. Buna çox yalvarandan sonra Leyli rolunu oynamağa razı oldu, bir şərtlə ki, heç kəs onun Leylini oynadığını bilməsin... Oyunun belə müvəffəqiyyətlə keçməsindən sonra ürəklənib təkrar etmək istədik. Leyli rolunu oynayan Fərəcovun yanına getdik, dedi “Mən bir də qələt edərəm oynayaram!” Çox danışıqdan sonra birtəhər onu razı elədim. Amma yenə şərt bağladı ki, o rəngi, yağı üzünə sürtməyəcək. Odur ki, qadın məsələsi çox çətin idi. Biz də təkrar oynamalı idik. Nə eləyək, nə eləyək bizə Əhməd Bədəlbəyovun yaxşı səsi olmasını dedilər. Gedib onu tapıb razı elədik...”.
Üzeyir Hacıbəylinin anası Şirin xanımla Əhməd Bədəlbəylinin anası Əzizə xanım doğma bacı idilər. Üzeyir bəy xalası oğluna üz tutur. O zaman onun ən böyük arzusu müəllim olmaq idi, lakin teatra olan məhəbbət bu gənci səhnəyə gətirib çıxarır. Həmin dövrdə Əhməd tələbə idi və tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Belə bir icazə alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyə, adını “Miri” yazdırır. Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski familiyasını götürür.
Dəfələrlə səhnədən düşməyən “Leyli və Məcnun” operasında baş rolları canlandıranların ifasını “Kaspi” qəzetinin 1916-cı il 22 dekabr tarixli sayında yazılırdı: “Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi”.
Onun çıxışı Üzeyir Hacıbəylinin xoşuna gəlir və sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir. Əhməd Ağdamski qadın rollarını elə məharətlə ifa edirdi ki, hətta tamaşadan sonra qadın kimi ona çiçək göndərənlər də az olmurdu. Canlandırdığı qadın obrazlarının hamısı xarakter etibarilə bir-birindən fərqlənirdi. Tək oyun tərzi yox, hətta səsi də dəyişilirdi. Bu da aktyorun yüksək sənətkarlıq imkanları ilə bağlı idi. O, düz 12 il səhnəyə qadın qiyafəsində çıxıb. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli, “Əsli və Kərəm”də Əsli, “O olmasın, bu olsun”da Gülnaz, “Arşın mal alan”da Gülçöhrə, “Ər və arvad”da Minnət, “Rüstəm və Söhrab”da Təhminə, “Şah Abbas və Xurşidbanu”da kəndli qızı və s. onun əsas rolları kimi milli opera salnaməmizə yazılıb. Aktyor hətta 1917-ci ildə lentə alınan “Arşın mal alan” filminə çəkilərək Gülçöhrə rolunu canlandırıb.
Aktyorun oğlu, kimya elmləri doktoru, professor Telman Ağdamski müsahibələrinin birində deyib: “O dövrdə sənətkarlara böyük hörmət göstərirdilər və vaxtaşırı onların benefisləri, ad günləri keçirilirmiş. Atam da öz ad günlərində iki dəfə – 1916 və 1919-cu illərdə səhnəyə kişi rolunda çıxıb: birinci dəfə “Arşın mal alan”dakı Əsgər bəy, ikinci dəfə isə “Əsli və Kərəm” operasında Kərəm rolunda”.
Əhməd Ağdamski 1920-ci illərin əvvəllərində Ağdama qayıdaraq orada yaşamağa başlayır. 1923-cü ildə şəhərdə teatr truppası yaradır, bir çox tamaşaların rejissoru olur, musiqili əsərlərlə yanaşı, dram əsərlərində də bir müğənni-aktyor kimi çıxış edir. 1934-cü ildən ömrünün sonunadək, 20 il Ağdaş şəhər Musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olur. Məktəbdə tar müəllimi və direktor vəzifələrində çalışan sənətkarın məşhur tələbələrindən biri də görkəmli kamança ifaçısı, mərhum Xalq artisti Habil Əliyev idi. Ağdaşa köçəndə ailə əvvəlcə Habil Əliyevin atası Mustafa kişinin evində məskunlaşır. Habil Əliyevi də musiqiyə həvəsləndirən Əhməd Ağdamski olur. Telman Ağdamski bu barədə deyib: “Atam onu əvvəlcə tar sinfinə qoyub, lakin Habil müəllim uşaqlıqda zəif olduğu üçün tarı saxlamağa gücü çatmırmış, ona görə də sonradan atam onu kamança sinfinə keçirib. Bizim evə Azərbaycanın böyük sənətkarları tez-tez qonaq gəlirdilər. Misal üçün, mən korifey sənətkarlarımızdan Seyid Şuşinskinin, Yavər Kələntərlinin, Əfrasiyab Bədəlbəylinin adlarını çəkə bilərəm. Həmin mühit Habil Əliyevin sənətkar kimi yetişməsində böyük rol oynayıb”.
Əhməd Ağdamski 1943-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 1954-cü il aprelin 1-də Ağdaş rayonunda vəfat edib.
2017-ci ildə nasir, publisist Mustafa Çəmənlinin Əhməd Ağdamskinin ömür yolundan bəhs edən “Səhnə fədaisi” adlı sənədli povesti çapdan çıxıb.
Hazırladı: Nurəddin