Təsviri sənət tariximizdə iz qoymuş sənətkarlardan biri də Əməkdar rəssam Gennadi Brijatyuk olub. Sənət aləmində Abşeron rəssamlıq məktəbinin yetirməsi kimi tanınan fırça ustası yaradıcılıq ezamiyyətlərinə o qədər də maraq göstərməsə də, bəzi bir sıra ölkələrdə sənətsevərlərin şəxsi kolleksiyalarını bəzəyir.
Gennadi Demyanoviç Brijatyuk 30 yanvar 1935-ci ildə Gəncə şəhərində hərbçi ailəsində dünyaya göz açıb. Erkən çağlardan təsviri sənətə maraq göstərib. O, orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunur. Çox şıltaq olduğuna və məktəbin qayda-qanunlarına riayət etmədiyinə görə təhsilini səkkiz ilə (1958) başa vurur. Ali təhsil almaq arzusu ilə Moskvaya gedir. Ancaq antirealizm ruhlu mövqeyinə görə imtahana buraxılmır və Azərbaycana qayıdır.
Gennadi yaradıcılıq fəaliyyətinə, xüsusilə, gül təsvirlərini çəkməklə başlayır. O, peyzaj təsvirlərinə geniş yer ayırırdı. Həmin əsərlərin əksəriyyəti Abşeron təbiəti ilə bağlıdır. Onun müxtəlif illərdə çəkdiyi “Bahar”, “Yay motivi”, “Köhnə şəhər”, “Neft mədənlərində”, “Qırx pilləkən”, “Qırmızı damlı ev” və s. əsərlər sənətsevərlər tərəfindən maraqla qarşılanıb.
Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamla bağlı araşdırmasında yazır: “Çağdaş rəngkarlığımızın tanınmış simalarından çoxunun gerçəkliyə, milli bədii-estetik dəyərlərə və rəng plastikasına münasibətlərində “Brijatyuk ruhu” görünməkdədir. Onun çağdaş rəssamlığımızın milli ruhda inkişafına böyük təsiri oldu... Yaradıcılığı boyu əsərlərində özünün dünyaya gerçəkçi-realist baxışının klassik tutumu ilə yanaşı, miniatürsayağı ümumiləşdirmələr sərgiləyən və ən nəhayət, onu əhatələyən məkana mücərrədçi gözü ilə baxan Gennadi Brijatyukun estetik saxlancından duyulası milli-şərqli ruhu “süzülməkdə” idi...”.
G.Brijatyukun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Rusiya Rəssamlar İttifaqında, habelə ölkəmizlə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə və Almaniyada şəxsi kolleksiyalarda saxlanılır. Rəssamla şəxsi tanışlığı olan fotoqraf Hüseyn Hüseynzadə 40 il ərzində onun 300-dən çox tablosunu əldə edə bilib.
G.Brijatyuk rəssamlıqla yanaşı, poeziyaya da maraq göstərib, şeirlər qələmə alıb. Ancaq əsərlərini nə mətbuatda, nə də kitab şəklində çap etdirməyib. Əməyi yüksək qiymətləndirilən fırça ustası 1992-ci ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülüb.
Rəssam ömrünün son illərini Bakı şəhərində, İstiqlaliyyət və Şeyx Şamil küçələrinin kəsişməsində yerləşən şəxsi emalatxanasında keçirib. Bir sıra ölkələrdən qonaqlar qəbul edib: Tretyakov Qalereyasının (Rusiya), Şotlandiya Kral Qalereyasının nümayəndələri, türk kolleksiyaçı Nahid Kabakçı, Yeni zelandiyalı rəssam Mirey Abraxamsonla görüşüb.
Fransız kinorejissor Jak Deyvis G.Brijatyuk haqqında film çəkib. Professor Ziyadxan Əliyev 2019-cu ildə rəssama həsr etdiyi “Gennadi Brijatyuk və onun mənəvi dəyərlər dünyası” adlı kitabı işıq üzü görüb.
Əsərləri ilə Abşeron rəssamlıq məktəbini zənginləşdirən Gennadi Brijatyuk 11 iyun 2008-ci ildə Bakıda vəfat edib.
Savalan Fərəcov