Zamanın mühüm tarixçələri həddən ziyadə çox, insanınkı isə ikicədir: olum və ölüm.
   Bütün olum-ölümlər bütövlükdə statistika, böyük şəxsiyyətlərin, sənətkarların ölümü isə hadisədir.
   Mükafat və təltifatları kitablarının sayından (və hətta dəyərindən) artıq olan Rəsul Həmzətov da 1923-cü il sentyabrın 8-də Xunzax rayonunun Sada kəndində Dağıstan statistikası kimi doğuldu, 2003-cü ilin noyabrında Moskvada - köhnə nəslin məzhəbincə SSRİ hadisəsi kimi, yenilərin təbirincə isə Federativ nekroloq olaraq öldü...
   
   Həm yazıma ilk yarımbaşlıq, həm Həmzətovu az tanıyanlara tanışlıq, həm də onun Azərbaycana olan yüksək sayğı balı ilə Qarabağ (və 20 Yanvar) məsələsinə münasibət məqamlarının birində xalqımızın ürəyinə saldığı dost xalı arasında balans üçün özüm özümə belə bir xitabi-sual edirəm: kim idi Rəsul Həmzətov?
   Cavabımın - nəzərdə tutulan bütün məlum, real, obyektiv detallarının onun halalı, subyektivliyinin babalı isə mənim boynuma olmaqla deyim ki, Rəsul Həmzətov öz xalqının böyük oğlu, gözəl şairi, qızıl Qələmi, bron-imperiyanın iliyinəcən işləyən kəsərli, sözün hər iki mənasında aksent Dili idi. Bəs formaca “milli”, məzmunca sosialist (əslində - sus(!)alist) ədəbiyyatlı, derjavakurs mədəniyyətli, velikorus siyasətli, “birlik” devizli, “dostluq”, “böyük qardaş” şüarlı SSRİ-nin yuxarı eşelonu üçün? Hər şeydən öncə:
   
   Etnik estrada...
   
   Bəli, vaxt vardı ki, ittifaq radiosunun proqramlarında, “lirika”larında, “xəbər”lərində bu mübtədanın adı hətta Nikita Sergeyeviç Xruşşovdan, Leonid İliç Brejnevdən də çox çəkilirdi. Sanki o böyük SSRİ nəhəng bir teatr, bu “kiçik xalq” nümayəndəsi isə ədəbi-əbədi baş qəhrəman idi. Dünyanın altıda birini “hasarlamış” ölkənin paytaxtından “Hardan başlanır Vətən?!” kimi ritorik suallar çıxan anda “Mənim aulumdan!” kimi cavablar gəlirdi. “Dərin kapitalizm dərələrinin çürüntüləri haçanadək üfunət qoxuyacaq?” kimi publisistik təəssüfkeşlikləri “Mənim sosialist dağlarıma gübrə edilənədək” məzmunlu poetik təəssübkeşliklərlə qarşılanırdı. O tərəflərdən eşidilən “Qrenadam, Qrenadam Qrenadam mənim!”, “O-ya, Velikobritaniya!”, “Fiqaro!”, “Esperanto!” kimi demokratik tonlara qarşı “Mənim Dağıstanım!” tipli azad-demokratik “jeton”lar qoyulurdu.
   Həmin vaxtlar on beş respublikanın on dördünün vətəndaş-oxucuları bir çox xəyallarla birgə belə bir fikrə də dalır və məəttəl qalırdılar ki, aya, bəs bizim şairlərimiz niyə bu “növ” millətçilik, dəlioğlanlıq, “qoçuluq” edə bilmirlər? Məsələn, onun adaşı - “Sarı dana”sı “qlavlit”də kəsilib nəşriyyatda soyulan Rəsul Rza, “gəncləri Nərimanovlaşdırmaq istəyən” damğası ilə xəstəliyə tutuzdurulan Məmməd Araz və (bir-iki) başqaları niyə onunsayaq “tirpaşlıq” edə bilmir? Ürəklərimizdə və bir də “Dikanka yaxınlığındakı xutor axşamları” sayağı çayxanalarda çox övürüb-çevirdiyimiz bu qəbil sualların cavabını da özümüzdən savay heç kimə deyə bilmirdik. Heç kiməsə deyilməsi mümkün də deyildi belə deyimlər...
   Rəsul Həmzətov SSRİ-nin böyük, istedadlı ədiblərindən olmaqla yanaşı, antisovet ölkələrlə apardığı müxtəlif növlü oyunların əsaslarından birinin - azsaylı xalqlara münasibət doktrinasının hamıya görk edilən kapitanı idi. Nə olsun - günəşi bu başından batmamış o başından çıxan bu nəhəng ölkənin hansı nöqtəsindəsə hansısa bir etnik qrup maddi ya siyasi qaş-qabaq töküb - Rəsul Həmzətov ki ekranda gülür! Noolsun ki, Moskva yaxınları “strelbat-politbat”lara, ucqarları “stroybat”lara, BAM-lara (Baykal-Amur Magistralı) göndərir - böyük periferiya nəğməkarı ki: “BAM - vsyo tam!” deyir. “Nu çto j”, Saxarov “başsız başçıların əvəzinə...”, Soljenitsın “rus olduğuna görə” xəcalət çəkirlər, - sağ olsun “Slovo o starşem brate” kitabının müəllifi Rəsul Həmzətov!
   O, yetmiş illik sovetin yarıməsrlik canlı təbliğat universiadası, etnik estradası, poetik orkestri, yazılı folkloru kimi çıxış etdi. Sovetlərin dağılması ilə onun da mizan-düzəni xeyli pozuldu. Bir vaxtlar bütün SSRİ-nin stolüstü kitabı olan “Mənim Dağıstanım”da özünü bizə yatağındaykən də təqdim edən, hətta ayağını çarpayısından aşırıb əsnəyə-gərnəşə bədii-didaktik “reportaj” aparan bu azman sovet şairi - elə sayəsində zilə çıxdığı Rusiya kimi - içinə çəkildi. Və ondan əsl rus ədəbiyyatına elə bir miras qalmasa da, Dağıstan ədəbiyyatı və mədəniyyətinə, öz adına, öz xalqına, hamımızın Qafqazına çox şey qaldı.   

   Bizə də qaldı
   
   Nələr qaldı? Görükən bir şeylər yox, duyulan, etkiləndirən elementlər qaldı. Məsələn, onun ictimai-ədəbi tribunalarda Şeyx Şamilliyə bənzər çıxışları, hərəkətləri “bərkgedənlik” jestləri bizim bir çox mötədil yazarlarımızın qələminə təpər verirdi. Səməd Vurğuna böyük məhəbbəti türk-avar soylarının kökəncə eyni olduğunu bir daha vurğulayırdı. Tofiq Bayramın gözəl tərcüməsində yazılmış “Əziz dost” mahnısındakı misraları Səməd Vurğunu Moskva şairlərinin “siyasi sevgi” təəssüratından alıb, uzaq-ucqar obalar, odalar məhəbbətinə daşıyırdı.
   Qanı, təbiətilə bizə çəkən bu şair, bu “dəlioğlan” sənətkar Azərbaycana çox gəlirdi. Dağlarımızı dağları qədər sevir, vəsf edirdi. Bəzən burda çılğınlığını bir az artıqlaması ilə görk etməyə çalışırdı. Moskva qızlarının - el diliylə desək, “pis öyrətdiyi” bu cigid, hətta bizdəki məclislərin birində özünü pis apardığına görə, bizim igid şairimizin (Nəbi Xəzrinin) silləsilə də “mükafat”landırılmışdı.
   “Mükafat” demişkən, onun ədəbi, ictimai mükafat və təltifatları da - sənətə, sənətkara qiymət baxımından - bizə qalan dəyərlərdəndir. Dağıstanın Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, Lenin, SSRİ, Rusiya, Cəvahirləl Nehru, Firdovsi, Xristo Botev, Lermontov, Fadeyev, Süleyman Stalski, Sadasa Həmzət adına mükafatlar laureatı idi Rəsul Həmzətov. Göz-qulağımız bütün bu mükafatlara, belə deyək, öyrəncəlidir. Lakin o həm də dünyanın gözünü səyridib, qulağını dəbərdən bir təltifata - “XX əsrin ən yaxşı şairi” beynəlxalq mükafatına da layiq görülüb. Onsuz da lirika mayalı o informasiyanı bir qədər də nəqliləşdirək.
   1983-cü ilin payızı. Antik-əntiq sənətlər yurdu İtaliya paytaxtına planetin hər yerindən gəlmiş dünyanın 300-dən çox ən məşhur şairləri toplaşıb. Ürəklərdəki “bu poeziya yarışında kim qalib gələcək?” sükutunu 60 illik yubileyini Moskvada və doğma aulunda yenicə qeyd edib gəlmiş dağlar oğlunun sədası pozur. O hamıdan fərqli susur, salona hər kəsdən fərqli baxır və birdən əllərini hamıdan ilahianə göyə qaldırıb, vurğusu mənasından, durğusu mövzusundan gözəl səslənən şeirini oxuyur. Öz əllərini aşağı salar-salmaz, bütün əllərin göyə qalxaraq alqış leysanı yağdırdığını görür. Ardınca hamı ayağa qalxır. Şairsə “məcbur” qalıb sədr roluna girir, üç-dörd kərə: “Xahiş edirəm, əyləşin” deyir. Onlar, nəhayət, əyləşsələr də, bir azdan - onun başına qələbə çələngi qoyulan məqamda - yenidən qalxmalı olurlar...
   
   Tahir Abbaslı