Azərbaycan əcnəbi turistlərin gözü ilə
   
   
   “Azərbaycan əcnəbi turistlərin gözü ilə” rubrikasının budəfəki qonaqları gənc italyan cütlükdür. Onlarla şəhərimizin mərkəzində - “Fəvvarələr meydanı”nda rastlaşdıq. Bu iki gənc əllərində bələdçi kitabçası dərin fikrə dalıb hansısa məkanı axtarır, heç kimdən kömək ummadan binalardakı lövhələrə göz gəzdirirdilər. Onlara köməklik göstərmək və eyni zamanda ölkəmiz, paytaxtımız haqqında təəssüratlarını öyrənmək qərarına gəldik. Məlum oldu ki, onlar gürcü mətbəxinin ən yaxşı nümunələrinin təqdim edildiyi restoran axtarışındadırlar. Və beləcə, söhbətləşməyə başladıq...
   
   - İlk öncə özünüzü qəzetimizin oxucularına təqdim edərdiniz.
   - Mənim adım Fabio Orefis, nişanlımın adı isə İzabella Concadır. İtaliyanın şimalında, Alp dağlarının ətəyində yerləşən Milan şəhərindənik. Mən özüm dizaynerəm, xanım isə ali təhsilini yeni başa vurub, hələ ki işləmir. Mənim yay tətilimlə əlaqədar ölkənizə səfər etmək qərarına gəldik. Ölkəniz və şəhərinizlə ilk əyani tanışlıqdan məmnun olduğumuzu deyə bilərəm.
   - Necə oldu ki, Azərbaycana səfər etmək qərarına gəldiniz?
   - Əslində ölkənizlə qiyabi tanışlığımız var idi. İtaliya ilə Azərbaycan arasında iqtisadiyyat sahəsində geniş əlaqələr mövcuddur. Bu barədə bizim ölkənin mətbuatında tez-tez yazırlar. İnsanlarımız arasında da istiqanlılıq, temperament baxımından oxşarlıq olduğunu deyirdilər. Biz burada bir daha əmin olduq ki, azərbaycanlılarla italyanlar bir-birlərinə çox bənzəyirlər. Səfərlə bağlı qərarımıza isə daha çox Bakıda baş tutan “Eurovision” mahnı müsabiqəsi və müsabiqənin gedişində ölkəniz barədə nümayiş etdirilən videoçarxlar təsir göstərdi. Buraya gəlmək və həmin gözəllikləri öz gözlərimizlə görmək istədik. Bilirsiniz, İtaliyanın da təbiəti çox gözəldir, xüsusilə Milan. Bəlkə də bizi cəlb edən təbiət mənzərələri oldu. Ölkənizə səfər etməzdən əvvəl qonşu ölkələri də araşdırdıq. Gürcüstanın yaxın olduğunu, buranı da görə biləcəyimizi nəzərə alıb necə deyərlər “bir daşla iki quş vurmaq qərarına gəldik”.
   - Səfərinizə Bakıdan başladınız, yoxsa Tbilisidən?
   - Öncə Tbilisiyə gəldik. Dəniz nəqliyyatından istifadə etdiyimiz üçün belə daha asan və maraqlı oldu. Gürcüstanda bir həftə qaldıq. Tbilisini, Batumini gəzdik, bu ölkənin mətbəxindən daddıq, mədəniyyətilə tanış olduq. Düzdür, bir həftə çox uzun müddət deyil, amma məncə, Gürcüstan üçün bu müddət kifayət etdi. Onu da deyim ki, Azərbaycan üçün daha çox vaxt ayırmışıq. Artıq bir həftədən çoxdur ki, Bakıdayıq. Daha bir həftə qalmaq fikrindəyik.
   - O zaman hər iki ölkə barədə müqayisəli fikrinizi almaq istərdim.
   - Paytaxtlarınızı asanlıqla müqayisə edə bilərik. Bakı Tbilisi ilə müqayisədə daha müasir şəhərdir. Azərbaycan daha çox Avropa ölkəsi təsiri bağışlayır, paytaxtınız müasirlik baxımından Dubaya bənzəyir. Yeni tikililərdəki modern üslub çox aydın sezilir. Tbilisidə isə hələ də köhnə tikililər üstünlük təşkil edir, sovet ittifaqının qalıqları hiss olunur. Bundan əlavə, Bakı daha səliqəlidir və təmizdir. Tbilisidə küçələrin təmizliyi məni o qədər də qane etmədi. Daha bir məqam isə Bakının həyat tərzidir. Burada arzu etdiyiniz restoranı, istirahət mərkəzini, müasir butikləri, alış-veriş mərkəzlərini tapmaq o qədər də çətin deyil. Gürcüstanda bu cür məkanlar nisbətən azdır və bu səviyyədə deyil. İnsanların yaşayış tərzində də fərqlər hiss olunur. Burada insanlar daha dəblə geyinirlər, bahalı maşınlar sürürlər. Bu baxımdan varlı ərəb ölkələrinə də bənzəyirsiniz. Düzdür, bəzən bizə insanların ziyafət geyimlərində küçə gəzintiləri qəribə təsir bağışlayır. Yəqin ki, bu sizdə normal qarşılanır.
   - İzabella xanım, siz də eyni fikirləri bölüşürsünüzmü?
   - Fabionun dediyi məqamlara əlavə olaraq onu deyə bilərəm ki, hər iki şəhər bir - birinə heç bənzəmir. Tbilisinin daha çox təbiəti mənim xoşuma gəldi. Yaşıllıq çoxdur, şəhərin ortasından çay keçir, sakit şəhərdir. Bakı isə çox müasirdir. Burada, Fabionun da dediyi kimi, Avropa havası, zənginlik daha çox hiss olunur. Yəqin ki, Tbilisi ilə müqayisədə burada qiymətlərin bahalı olması da bununla əlaqədardır. İnsanlarınız da hiss olunur ki, fərqlidir. Azərbaycanlılar gürcülərə nisbətən daha müasirdirlər. Bu onların geyimlərində, davranışlarında, dil biliklərində hiss olunur. Ancaq qadınlarınız, məncə, həddən çox bəzək-düzəyə fikir verirlər. Biz avropalılar ziyafətlərdə belə bəzənirik. Ancaq onu da deyim ki, rayonlarınızda şəhərlə müqayisədə hər cəhətdən fərq çoxdur.
   - Bölgələrdən söz düşmüşkən, bu bir həftə ərzində hansı rayonlarımıza baş çəkə bilmisiniz?
   - Qubada və Şəkidə olduq. Quba çox xoşumuza gəldi. Maraqlı və gözəl təbiəti olan şəhərdir. Orada yəhudilərin yaşayış mərkəzinə də baş çəkdik. Bizə dedilər ki, burada bir çox azsaylı xalqlar birlikdə yaşayırlar. Düzü, biz də bunun şahidi olduq. Hiss olunur ki, insanlar bir arada xoşbəxt yaşaya bilirlər. Məscid, sinaqoq bir-birinə mane olmur. Ancaq həyat şəraiti, infrastruktur baxımından təbii ki, Bakıdan çox fərqlənir. Ümumiyyətlə, böyük şəhərlər ölkənin həqiqi simasını əks etdirmir. Paytaxtınız çoxmədəniyyətli olduğu üçün burada özünü Avropadakı kimi hiss edə bilirsən, ancaq rayonlarda müsəlman ölkəsi olmanız hiss olunur. Küçədə qızlar az gözə dəyir. İnsanların dil bilikləri olduqca zəifdir. Mən rus dilini bilməsəm də İzabella yaxşı bilir. Ancaq bəzən rus dili də köməyimizə çatmırdı. Nəsə almaq və ya soruşmaq istədikdə çətinliklərlə üzləşirdik. Xidmət sahəsində işləyən insanların da əksəriyyəti nədənsə nə ingilis, nə də rus dilində danışa bilmirlər. Məncə, bu aradan qaldırılmalıdır. Bir də onu deyim ki, Şəki şəhəri haqqında, orada yerləşən tarixi məkanlar barəsində o qədər də informasiya əldə edə bilmədik, yalnız Şəki Xan Sarayına baş çəkə bildik. Çox gözəl və maraqlı tikilidir.
   - Rayonlarımızın fərqli mətbəxi var. Yerli təamlardan dada bildinizmi?
   - Şəkidə bizi pitiyə və Şəki halvasına qonaq etdilər. Hər ikisi xoşumuza gəldi. Ancaq bir anlıq fikirləşdim ki, siz yəqin pitini gündəlik yemirsiniz. Çünki yağlı və tutumludur. Biz bu cür ağır yeməkləri tez-tez yemirik. Şəki halvası da dadlı idi. Hətta halvanın bişirildiyi yerdə də olduq. Maraqlı hazırlanma üsulu var. Ancaq Şəki halvası ilə bağlı da eyni fikirləri söyləməli olacağam. Çox şirin və eyni dərəcədə tutumludur. Hər ikimiz yalnız bir dilim dada bildik. Belə qənaətə gəldim ki, Azərbaycanlılar tutumlu yeməkləri və şirniyyatları sevir.
   - Bəs Bakıda necə, milli mətbəxdən daddınız yəqin ki...
   - Öncə onu deyim ki, günlərimizi bölmüşük. Hər gün bir mətbəxə üstünlük veririk. Bu gün gürcü mətbəxi günümüzdür. Azərbaycan və türk mətbəxinin də dadına baxmışıq. Kabablar çox xoşumuza gəldi. Lüləkabab isə xüsusilə maraqlı və dadlıdır. Bakıda türk restoranları da çoxdur. Onların da mətbəxi rəngarəngdir. Türk mətbəxini isə acılı olduğuna görə bəyəndik.
   - Qiymətlər və xidmət səviyyəsi sizi qane etdimi?
   - Qiymətlər normaldır. Ən əsası da odur ki, şəhərinizdə turist istədiyi seçimi edə bilir. Xidmət səviyyəsi də qane etdi. Bakıda insanlar ingilis və rus dillərini bilirlər. Ünsiyyət qurmaq, nəyisə soruşmaq çətin olmur. Ancaq rayonlarda xidmət səviyyəsi aşağıdır. Məncə, əsas məsələ dil biliklərinin olmaması ilə bağlıdır.
   
   Sadiq Musa






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar