Ən böyük kruiz gəmisi səyahətə başlayıb

 

Dünyanın ən böyük kruiz gəmisi – “Royal Caribbean International” tərəfindən dizayn edilən “Icon of the Seas” (“Dənizlərin ikonası”) yanvarın 28-də Mayami limanından (ABŞ) ilk səyahətinə başlayıb.

Uzunluğu 365 metr olan gəminin su tutumu (ağırlığı) 250 min tondur və bu göstəricisinə görə o, əfsanəvi “Titanik”dən 5 dəfə böyükdür. Nəhəng kruiz gəmisinin 5600 sərnişin və 2350 nəfər ekipaj və xidmət personalı ilə yola çıxdığı bildirilib. Qeyd olunur ki, gəmi tam gücü ilə 7600 sərnişin qəbul edə bilər.

Finlandiyanın Turku şəhərindəki gəmiqayırma zavodunda inşa edilən 20 mərtəbəli gəmidə hündürlüyü 17 metr olan şəlalə, yeddi hovuz, altı su sürüşməsi, buz meydançası, karusel, 40 restoran və bar var. Fəvvarəli konsert zalı da olan “Icon of the Seas” kruiz gəmiləri arasında ən hündür şəlaləsi, ən yüksək su sürüşməsi, ən böyük su parkı ilə seçilir.

Maye qazla (LNG) işləyən gəmi 2023-cü ilin iyununda ilk sınaq gəzintisinə çıxmışdı. “Icon of the Seas” birhəftəlik Karib dənizi turundan sonra Mayami limanına qayıdacaq. Gəmidə mövsümdən asılı olaraq səyahət qiyməti standart kayutlarda adambaşına 2 min dollardan başlayır.