Amerikalı sahibkar İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə insan beyninə çip yerləşdirib.
“Dünən (29 yanvar – red.) ilk şəxsə “Neuralink” çipi qoyuldu, əməliyyatdan sonra sağalma yaxşı gedir”, – deyə İlon Mask “X” sosial səhifəsində paylaşım edib.
Mask əlavə edib ki, “Neuralink”in ilk məhsulu “Telepatiya” adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.
“İlk istifadəçilər bədən üzvlərinə nəzarəti itirmiş insanlar olacaq. Təsəvvür edin ki, Stiven Hokinq (1942–2018; ingiltərəli məşhur fizik-nəzəriyyəçi, 20 yaşında iflic olmuş, 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirmiş, xüsusi nitq sintezatoru vasitəsilə ünsiyyətə davam etmişdi – red.) sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur”, – deyə o əlavə edib.
“Neuralink” startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və nəticədə insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə yardımçı olacaq.