Füzuli şəhərində yeni salınan yaşayış kompleksinə keçmiş məcburilərin köçü davam edir. Yanvarın 26-da 30 ailə (104 nəfər), ayın 29-da isə daha 27 ailə (115 nəfər) Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Füzuliyə çatan ailələrə dövlət tərəfindən tikilən mənzillərinin açarları təqdim olunub. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tapşırılıb.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 527 ailənin (1969 nəfər) daimi məskunlaşması təmin edilib.

***

Yanvarın 30-da Laçın şəhərinə də növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı paytaxtın Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə (72 nəfər) köçürülüb.

İndiyədək Laçın şəhərində 1627 nəfər olmaqla, 431 ailənin daimi məskunlaşması təmin edilib.