Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur. Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva bu barədə işçi qrupun Zəngilanda keçirilən iclasında məlumat verib.

O bildirib ki, 2023-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində bərpa-tikinti işləri başlayıb. İşğaldan öncə Cəbrayıl rayonu ərazisində 100-dən çox kəhriz olub, işğal dövründə kəhrizlər dağıdılıb. Hazırda Horovlu kəndində 5 kəhriz bərpa olunur. 2 kəhrizdə işlər bitib, 3-nün bərpası üzrə işlər yaxın aylarda tamamlanacaq.

Nərgiz Qaracayeva qeyd edib ki, “Böyük Qayıdış” Dövlət Proqramı üzrə 2024-cü ilin sonunadək bu kəndə məskunlaşma başlanacaq. İlk mərhələdə kənddə 1400-dək sakinin yerləşməsi nəzərdə tutulur.