“Böyük Qayıdış” Proqramı çərçivəsində öz ata-baba yurduna köçən 2 mindən çox iqtisadi fəal və əməkqabiliyyətli vətəndaşlarla aktiv iş aparılıb. Onlardan 1300 nəfəri daimi işlə təmin olunub.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev işğaldan azad olunan ərazilərdə məşğulluğun həlli ilə əlaqədar görülən işlərdən bəhs edərkən deyib.
O bildirib ki, əməkqabiliyyətli şəxslərin peşə hazırlığı tədrisinə cəlb olunması qarşıda duran əsas hədəflərdəndir. Ötən il doğma yurda dönən təqribən 600 nəfər üçün peşə hazırlığı üzrə müvafiq təlim və treninqlər keçirilib. Bu il həmin rəqəm 3 minə çatdırılacaq. 2023-cü ildə ilk dəfə olaraq Füzuli və Laçında əmək yarmarkaları keçirilib, stimullaşdırıcı paketlər təsdiq edilib.
Nazir diqqətə çatdırıb ki, işğaldan azad olunan bölgələrdə işləyən şəxslərin əməkhaqqına 20 faiz əlavə, həmçinin 600 manat məbləğində birdəfəlik müavinət ödənilir, işəgötürənlərə ödənilən sosial sığorta haqları subsidiyalaşdırılır. Bölgəyə köçən sakinlər üçün həm vergi, həm sosial sığorta, həm də əməkhaqqı güzəştləri var.