İlin ilk altı ayında ölkəmizə 1 milyondan çox insan səfər edib
Turizm bütün dünyada ən gəlirli sahələrdən birinə çevrilməkdədir. Elə ölkələr var ki, milli gəlirlərinin böyük hissəsini məhz turizmdən götürür. Son illərdə Azərbaycanda da turizmin inkişafı istiqamətində əhəmiyyətli işlər görülür. Yeni turist marşrutları açılır, infrastruktur yaradılır, istirahət obyektlərində xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qərarlar qəbul edilir. Turizm regionların sosial-iqtisadi inkişafında da əvəzsiz rol oynamağa başlayıb. Ekspertlərin hesablamalarına görə, Azərbaycanda mövcud imkanlardan səmərəli yararlanaraq ümumi daxili məhsulun 10 faizini turizmdən əldə etmək mümkündür.
Bölgələrdə cəlbedici turizm mərkəzləri
Azərbaycanda turizmin inkişafını sürətləndirmək, daxili turizm imkanlarını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə 2003-cü ildə ovaxtkı Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü əlavə marşrut hesab edilir. Əsas turizm marşrutlarımız Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvandır.
Əsas marşrutlar üzərində yerləşən rayonlarda müxtəlif turizm növlərini inkişaf etdirmək istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən layihələr həyata keçirilir. İlk növbədə isə həmin rayonlar beynəlxalq səviyyədə təbliğ olunur. O cümlədən Avropa Şurasının təcrübəsi çərçivəsində bu rayonların turizm imkanlarının tanıdılması üçün layihələr həyata keçirilir. Bunlar «Böyük İpək yolu», «Şərab yolu», «Xalçaçılıq», «Aleksandr Düma Qafqazda» və «Azərbaycanda alman məskənləri» layihələridir.
Bölgələrimizin turizm potensialı ilk növbədə əlverişli təbii-coğrafi imkanları, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Son vaxtlar müasir tələblərə cavab verən turizm mərkəzlərinin, hotellərin inşası, paytaxtdan regionlara gedən yolların bərpası nəinki əcnəbi qonaqların, eyni zamanda yerli əhalinin də bölgələrimizdə istirahətə marağını artırır.
Azərbaycanın hər il minlərlə turistin istirahət etdiyi regionlarından biri Xaçmazdır. Burada ən çox çimərlik turizmi inkişaf edib. Rayon ərazisində 70-dən çox yerləşdirmə obyekti var ki, bunlarda da 2 mindən yuxarı insanın dincəlməsi üçün normal şərait yaradılıb.
6 ayda Qəbələyə 18 minə yaxın turist gəlib
Azərbaycanın şimal-qərb hissəsində, Şəki-Zaqatala zonasında yerləşən Qəbələ rayonu son illər ən populyar turizm mərkəzinə çevrilib. Burada fəaliyyət göstərən hotellərdə, istirahət mərkəzlərində xidmətin keyfiyyəti bir çox əcnəbiləri də cəlb edir. Hazırda rayondakı 13 turizm yerləşdirmə məkanında gündə 1300 nəfərin istirahət etməsi üçün lazımi şərait var.
Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, istirahət mərkəzlərində qonaqlara müasir hotel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropa yeməkləri təklif olunur. Rayonun istirahət mərkəzləri hotel xidmətlərinə 15-20 manatadək endirim ediblər. Meşələrdə və çayların sahilində yerləşən istirahət guşələrində üçotaqlı kottecin birgünlük kirayə haqqı 90-100 manatdan 70-80 manata endirilib. Beşulduzlu hotellər və istirahət mərkəzlərinin əksəriyyəti qonaqlara meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir.
2012-ci ildə Qəbələ rayonuna gələn yerli və xarici turistlərin sayı 45 min 500 nəfər olub. Bu da əvvəlki illə müqayisədə 9650 nəfər çoxdur. Turistlərin 14 mindən çoxu xarici ölkə vətəndaşlarıdır. Bu ilin ilk 6 ayının nəticələrinə əsasən, Qəbələ rayonuna 17 min 520 nəfər turist gəlib ki, bunun da əhəmiyyətli hissəsini yenə də xaricilər təşkil edir. Ümumiyyətlə isə Qəbələ rayonuna gələn turistlərin sayı son 4 ildə üç dəfə artıb.
Xarici turistlər İsmayıllıya daha çox maraq göstərir
İsmayıllı xarici turistlərin sevimli məkanı kimi tanınır. Azərbaycanın turizm üçün əlverişli olan bu dilbər guşəsində müxtəlif sənətkarlıq növlərinin geniş yayılması da qonaqların xüsusi diqqətini çəkir.
Rayonun dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Lahıc kəndi sənətkarları ilə məşhurdur. Hər il təkcə Lahıca 8-10 min qonaq gəlir ki, onların da 80-90%-i xarici ölkə vətəndaşları olur. İran, Rusiya, Yaponiya, İtaliya, İspaniya və digər ölkələrdən respublikamıza təşrif buyuranlar əsasən burada dincəlmək istəyirlər.
İsmayıllı ərazisində 22 istirahət mərkəzi, mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir ki, bu məkanlarda 1500-ə yaxın yataq yeri olmaqla bərabər, turistlərin istirahətləri üçün hər cür şərait yaradılıb. Ötən il rayonda fəaliyyət göstərən istirahət mərkəzlərində 75 min nəfərə yaxın yerli və xarici turist istirahət edib. Bu ilin 6 ayının nəticələrinə əsasən demək olar ki, bu say daha da artacaq. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasovdan aldığımız məlumata görə, ilin birinci yarısında İsmayıllıya 18 min 750 turist gəlib ki, bunun təxminən 22 faizini xarici ölkə vətəndaşları təşkil edir.
Masallı həm də təbii müalicə məkanıdır
Azərbaycanın cənubunda yerləşən Masallı rayonu da ən çox turist gələn regionlardan hesab olunur. Rayonda fəaliyyət göstərən 31 turizm obyektində gün ərzində 1300-ə yaxın turistin istirahəti üçün hər bir şərait yaradılıb.
Ötən il Masallıya 17 mindən çox turist gəlib ki, onların da 700 nəfəri xarici ölkələrin vətəndaşı olub. Bu ilin göstəricilərinin daha yüksək olacağı gözlənilir.
Rayonun turizm obyektlərində və istirahət mərkəzlərində turistlərə üç istiqamət üzrə xidmətlər təklif olunur. Buraya rayonun təbiəti, gəzməli-görməli yerləri, zəngin flora və faunası, tarixi abidələri daxildir. Masallının istirahət mərkəzləri arasında «İstisu»nun özünəməxsus yeri var. Buraya gələnlər dincəlməklə yanaşı, müxtəlif xəstəliklərlə bağlı müalicə də alırlar.
Göygölə gəl, Göygölə...
Turizm mövsümü başlayandan Göygöl rayonuna istirahətə gələnlərin sayı artıb. Buna səbəb olan amillərdən biri də Göygölün 2013-cü il üçün «Azərbaycanın sənətkarlıq paytaxtı» seçilməsidir. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın məlumatına görə, bu bölgəmiz öz təbiəti, zəngin flora və faunası ilə həmişə turistlərin diqqətini cəlb edib. Rayona gələn turistlər gözəl təbiətlə yanaşı, tarixi abidələrlə, eləcə də rayonda fəaliyyət göstərən sənətkarlarla, onların əl işləri ilə də tanış ola bilirlər. Bundan əlavə, turistlərin marağını artırmaq məqsədilə hər il rayonda yeni turizm marşrutları təyin edilməklə yanaşı, yeni obyektlər də yaradılır. Bu ilin 6 ayı ərzində bölgəyə 6 min nəfər turist gəlib, ümumilikdə isə ilin sonunadək turistlərin sayının 30 minə çatacağı proqnozlaşdırılır.
* * *
Azərbaycanın qərb bölgəsində də turizm sahəsinin inkişafı üçün lazımi infrastruktur qurulmaqdadır. Gəncə şəhərinin, Şəmkir, Gədəbəy, Tovuz və Qazax rayonlarının hər birinin özünəməxsus turizm potensialı var. Bölgənin “İpək Yolu” beynəlxalq turizm marşrutu üzərində yerləşməsi bu potensialı daha da artırır. Regiona turistlərin cəlbi üçün dövlət səviyyəsində layihələr həyata keçirilir. Adıçəkilən şəhər və rayonlarda turizm yerləşdirmə yerlərinin sayı ildən-ilə artır. Hazırda Gəncə şəhərində 7, Gədəbəydə 7, Tovuzda 1-i beşulduzlu olmaqla, 3 hotel, 100-ə yaxın kempinq, Qazaxda 4 turist yerləşdirmə yeri, Şəmkirdə 1 hotel fəaliyyət göstərir.
Ölkəmizə səfər edən əcnəbi sayına görə rusiyalılar birinci yerdədir
Son illər regionlarda dünya standartlarına uyğun turizm infrastrukturunun qurulması üçün dövlət tərəfindən böyük miqdarda vəsait ayrılır, nəhəng layihələr həyata keçirilir. Bunların nəticəsində isə minlərlə insan işlə təmin edilir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, ötən ilin sonlarında birinci mərhələsi istifadəyə verilmiş Qusar rayonu ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksi 2015-ci ildə tamamilə turistlərin ixtiyarına veriləcək. Burada 5000 insan işlə təmin olunacaq.
Hazırda Azərbaycanda 500-dən yuxarı mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bunun 200-ə yaxını Bakı və Abşeron yarımadasının payına düşür. 226 turizm şirkətinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilib.
Bütün görülən işlərin nəticəsi olaraq, Azərbaycana gələn turistlərin sayı da getdikcə artır. Azərbaycan Dövlət Statistika Komitəsinin turizm və ictimai iaşə şöbəsinin müdiri Rauf Ağayevdən aldığımız məlumata görə, 2012-ci il ərzində Azərbaycana 2 milyon 400 min insan səfər edib ki, onun da 1,9 milyonu (təxminən 79 faizi) turist kimi gələnlərdir. 2012-ci ildə Azərbaycandan xarici ölkələrə bu və ya digər məqsədlərlə 3,8 milyon insan gedib ki, bunun da təxminən 2,8 milyon nəfəri turist kimi gəzməyə çıxıb.
Bu ilin cari göstəricilərinə gəlincə, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, 2013-cü ilin ilk 6 ayı ərzində ölkəmizin sərhədlərini 1 milyon 196 min 953 nəfər keçib. Azərbaycana gələn turistlərin sayına görə Rusiya ənənəvi olaraq 1-ci, Gürcüstan 2-ci, Türkiyə 3-cü, İran və Ukrayna isə 4-cü və 5-ci yerləri tutur. Belə ki, 6 ayda 418 min Rusiya, 400 min Gürcüstan, 173 min Türkiyə, 70 min nəfərdən çox İran və 24 min Ukrayna vətəndaşı ölkəmizə səfər edib.
Fəxriyyə Abdullayeva