Yanvarın 29-da AMEA-da Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə “Milli istiqlalın görkəmli nümayəndəsi Məhəmməd Əmin Rəsulzadə” mövzusunda elmi konfrans keçirilib.
AMEA-dan bildirilib ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderlərindən Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr edilib.
Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətlərin zəngin irsinin, onların həyat və yaradıcılıqlarının dərindən öyrənilməsi, gələcək nəsillərə ötürülməsinin ölkəmizdə strateji xətt kimi müəyyənləşdirildiyini söyləyib.
Rəsulzadənin 140 illiyi haqqında Prezident İlham Əliyevin sərəncamı ilə bağlı AMEA-da tədbirlər planının hazırlandığını deyən akademik qeyd edib ki, Rəsulzadənin müstəqil Azərbaycan dövlətinin qurulmasında xidmətləri ilə bərabər, ədəbi yaradıcılığı da diqqətəlayiqdir. Onun zəngin qaynaqlar əsasında yazdığı “Azərbaycan şairi Nizami” adlı monoqrafiyası klassik ədəbiyyatımız haqqında sanballı tədqiqat işi olmaqla yanaşı, dünya nizamişünaslığının da mühüm nailiyyətlərindəndir. Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” məqalələr toplusu tarixi əhəmiyyətə malik qiymətli əsərdir.
Mərhum professor Şirməmməd Hüseynovun Rəsulzadə irsinin öyrənilməsində və təbliğindəki xidmətlərini diqqətə çatdıran AMEA-nın prezidenti görkəmli ictimai-siyasi xadimin zəngin fəaliyyətini yenidən tədqiqata cəlb etməyin, onun irsini daha dərindən öyrənməyin önəmini vurğulayıb.
Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi Abid Tahirlinin “Məhəmməd Əmin Rəsulzadənin publisistikasında Azərbaycan Xalq Cümhuriyyəti qurucuları” mövzusunda məruzəsi dinlənilib.
Professor Nəsiman Yaqublu “Məhəmməd Əmin Rəsulzadənin mühacirət mətbuatı ilə bağlı fəaliyyəti”, dosent Mübariz Ağalarlı “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşündə etnik tarix və milli kimlik məsələləri”, dosent Faiq Ələkbərli “Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ideyasının fəlsəfi mahiyyəti”, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əfşan Səfiyeva “Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətinin İran mərhələsi” mövzularında məruzələrlə çıxış ediblər.