Yox yerdə dövlət qurub adını tarixə yazanları minnətdarlıqla yad edirik

 

31 yanvar Azərbaycanın milli istiqlal tarixinin böyük şəxsiyyəti, ilk Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümüdür. Görkəmli ictimai-siyasi xadimin yubileyi Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 30-da imzaladığı sərəncamla geniş şəkildə qeyd olunur, silsilə tədbirlər ilboyu davam edəcək.

Prezidentin sərəncamında da vurğulandığı kimi, Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətdir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşadı və mübarizə apardı.

Azərbaycanın istiqlal və istiqbal düşüncəli aydınlarının xalqımıza bəxş etdikləri Cümhuriyyət bu gün təkcə 10 milyonluq vətəndaşlarımıza deyil, bütün dünyadakı soydaşlarımıza qürur verən şərəfli tarix salnaməsidir. Yox yerdə bir dövlət bina edib tarixə adını yazdıranların hamısını hər zaman minnətdarlıqla yad edirik.

Cümhuriyyətimiz o dövrün reallıqları şəraitində cəmi 23 ay ömür sürsə də, tariximizdə silinməz izlər qoydu. 70 illik sovet ideologiyası onların üstünü örtsə də...

İyirmi səkkizində idi Mayısın,
Azərbaycan istiqlalə ermişdi...

Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin süqutundan illər sonra nisgilini ifadə edərkən gələcəyə ümidini də itirməmişdi. 1918-ci ildə səpilən istiqlal toxumunun bir gün təkrar cücərəcəyinə inanırdı...

Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda
Əlbət bitər bir yeni Azərbaycan.

O deyirdi: “Ey gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz! Əlbəttə, sən onun bu ümidini qırmayacaq... bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!”.

İllər ötdü, nəsillər dəyişdi. XX əsrin sonuna doğru Azərbaycan müstəqilliyini bərpa etdi.

“Biz Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin varisiyik. Bu müstəqillik Azərbaycan xalqının istiqlal arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bugünkü nəsillər tərəfindən ucaldılmış böyük bir abidədir” – müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev Cümhuriyyətin tariximizdəki yerinə qiyməti bu sözlərlə  vermişdi.

Cümhuriyyətin varisi olan Azərbaycan Respublikasının müstəqillik yolu çətin, məşəqqətli oldu, torpaqlarımız işğal edildi, ərazimizin beşdə birində suverenliyimizi itirdik. Amma dövlətimiz sarsılmadı, tarixə inad ildən-ilə gücləndi və ötən əsrdən Rəsulzadənin də xitab etdiyi gənclik, qəhrəman Azərbaycan oğulları onun uğrunda qazi də oldular, şəhid də...

“Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər” – Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sözləri Ordumuzun rəşadəti, şəhid və qazilərimizin canı-qanı bahasına qazanılan Zəfərin təntənəsində indi müstəsna tarixi anlam kəsb edir...

Azərbaycanı yaşatmaq, şan-şöhrətini yüksəltmək, qüdrətini daha da artırmaq onun istiqlalının ilk təməlini atanların da ruhunu şad etmək deməkdir.

Rəsulzadənin sevimli şairi Əmin Abid Gültəkindən ömrünün sonunadək fəxrlə qiraət etdiyi bu misralardakı kimi:

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Ruhu şad olsun! Bir kərə yüksələn bayraq yenə başımızın üstündədir...

Vüqar Orxan