Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, Binəqədi, Suraxanı, Xəzər və Sabunçu Gənclər evlərinin üzvləri iştirak ediblər. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Günay Rüstəmbəyova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Sübhan Məmmədov, Bakı Xoreoqrafiya Akademiyasının milli rəqs və modern rəqsləri üzrə xoreoqrafı Çinarə Quliyeva və başqaları çıxış edərək Ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıblar.

Sonra Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin xor kollektivi çıxış edib. Xalq artisti Tünzalə Ağayeva gənclərlə görüş keçirib.

Tədbir iştirakçıları Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini ziyarət ediblər.