“Ölkəniz mənə daha çox Avropanı xatırlatdı”
   
   “Azərbaycan əcnəbi turistlərin gözü ilə” rubrikasının budəfəki qonağı kanadalı ailədir. Əvvəllər ölkəmizin neft-qaz sektorunda çalışan ailə başçısı Stiv Neufeld bu dəfə Bakıya turist kimi gəldiyini, buraları həyat yoldaşına göstərmək istədiyini deyir. İki həftədir ölkəmizdə olan qonaqların zəngin səfər təəssüratı var. Onların fikir və mülahizələrini oxucularımızla bölüşmək qərarına gəldik.
   
   Öncə ailə başçısından özlərini təqdim etmələrini xahiş etdik:
   - Adım Stiv Neufelddir, kanadalıyam. Həyat yoldaşım Ong Neufeld isə Tailanddandır. Bir övladımız var. Daimi yaşayış yerimiz yoldaşımın məmləkətidir. Orada turizm mərkəzlərinə yaxın, səfalı bir yerdə evimiz var. Ancaq işimlə əlaqədar müxtəlif ölkələrə səyahət etməli oluruq. Gördüyünüz kimi, indi də Azərbaycandayıq. Səfər təəssüratımız müsbətdir. Məmnun olduğumuzu deyə bilərəm.
   - Xanım Ong Neufeld, etiraz etmirsinizsə, səfər təəssüratınızı sizin dilinizdən eşitmək istərdik...
   - Məmnuniyyətlə. Mən Tailanddan olduğum üçün Asiya düşüncə tərzini, insanını yaxşı tanıyıram. Müsəlman ölkələrində də olmuşuq. Ancaq Azərbaycan mənə daha çox Avropanı xatırlatdı. Burada insanlar olduqca müasir, açıq fikirlidirlər. Bizə müsəlman ölkələrindən Pakistan, İndoneziya yaxındır. Ancaq onlar dinə çox qapanıblar. Mən sizin ölkənizdə bunu o qədər də hiss etmədim. Açıq etiraf edim ki, Azərbaycanı, keçmiş Sovet İttifaqı respublikasını və müsəlman ölkəsini belə təsəvvür etmirdim. Paytaxtınızın siması da Avropasayağıdır. Tikililər olduqca müasir və zövqlüdür. Küçələriniz təmizdir. Bir çox Asiya ölkələrində şəhərlərin təmizliyi ürəkaçan səviyyədə deyil. Bundan əlavə, ən əsas məqamlardan biri də şəhərinizin turistlər üçün olduqca təhlükəsiz olmasıdır. Burada turist günün istənilən vaxtı rahat gəzintiyə çıxa bilir. Kirayə qaldığımız evin eyvanından şəhərə gözəl mənzərə açılır. Axşamlar insanların rahat şəkildə gəzintiyə çıxdığını görürsən. Bəzən adama elə gəlir ki, şəhər yatmır. Bilirsiniz, turistlər üçün indiki dövrdə təhlükəsizlik bir nömrəli məsələdir. Bir çox ölkələrdə turistlərin təhlükəsizliyi məsələsi hələ də müsbət həll olunmayıb.
   - Cənab Stiv, bu, paytaxtımıza ilk səfərinizdirmi?
   - Həyat yoldaşımla ilk səfərimdir. Əvvəllər sizin ölkənizdə neft-qaz sektorunda çalışmışam. Ancaq budəfəki səfərimiz, necə deyərlər, ticarət deyil, ziyarətdir. Əsas məqsədim yoldaşıma buraları da göstərmək idi. Əmin idim ki, o da ölkənizi bəyənəcək. Belə də oldu. Sizə bir sirr açım. Mənim işim beynəlxalq şirkətlərlə əlaqəli olduğundan dünyanın bir çox ölkələrində çalışmalı oluram. Yoldaşım isə məndən bütün işlədiyim ölkələrlə onu da tanış etməyimi istəyir. Bax məsələnin əsl mahiyyəti budur (gülür). Onu da deyim ki, ölkəniz, xüsusilə paytaxtınız mən burada işlədiyim dövrlə müqayisədə olduqca inkişaf edib. Məsələn, şəhərin elə yerləri olur ki, oradan keçəndə tanımıram. İndi həmin ərazidə ya körpü tikilib, ya da yeni bina. Şəhəriniz çox sürətlə dəyişir. Mən 2008-2010-cu illərdə burada çalışmışam. O zaman Bayraq meydanı yox idi, “Kristal hall” tikilməmişdi. Bulvarınız daha kiçik idi. Demək istədiyim odur ki, dəyişikliklər nəzərəçarpacaq qədərdir.
   - Ölkəmizdə nə qədər qalmağı planlaşdırırsınız? Səfər proqramınız necədir?
   - Ölkənizdə bir ay qalmağı planlaşdırırıq. Artıq iki həftə arxada qalıb. Bu müddət ərzində həyat yoldaşımı şəhərinizlə tanış edə bildim. İçərişəhəri, Qız qalasını, Dənizkənarı bulvarı gəzdik. Burada işləyərkən imkan tapıb görə bilmədiyim yerlərə də baş çəkdik. Mənim özüm üçün də maraqlı oldu. Qarşıdakı iki həftə ərzində isə regionlara baş çəkmək istəyirik. Burada hələ də çalışan dostlarım məsləhət gördü ki, Qubaya, Qusara və Şəkiyə gedim. Onların dediklərinə görə, ölkənizin şimal bölgəsində xizəkçilik və qış idman növləri üçün böyük kompleks tikilib. Bilirsiniz, mən Kanadadan olduğum üçün xizək sürməyi, qış idman növlərini çox sevirəm. Bilsəydim ki, Azərbaycanda belə bir kompleks açılıb, səfərimi payız və ya qış aylarına salardım. Qismət olsa, növbəti səfərimi qış vaxtına salmağa çalışacağam ki, xizək sürə bilim.
   - Azərbaycanı işlədiyiniz digər ölkələrlə müqayisə etdikdə hansı mənzərə yaranır?
   - Mən Rusiyada, Qazaxıstanda, Sinqapurda və bir sıra ərəb ölkələrində çalışmışam. Bu ölkələrlə Azərbaycanı asanlıqla müqayisə edə bilərəm. İlk öncə onu deyim ki, Azərbaycan MDB ölkələri arasında ən təhlükəsiz respublikadır. İkincisi, buranın insanları daha qonaqpərvər və istiqanlıdırlar. İnfrastruktur baxımından da vəziyyəti müqayisə etdikdə, keçmiş ittifaq ölkələrindən öndədir. Bakı daha modern və təmizdir. Turist burada restoran, əyləncə və alış-veriş mərkəzi, tanınmış markaların butiklərini tapmaqda heç bir çətinlik çəkmir. Tailandla müqayisədə isə turizm baxımından hələ bir qədər geridə olduğunuzu deyə bilərəm. Orada müasir turizm obyektləri, istirahət mərkəzləri daha çoxdur. Bir də onu deyim ki, qiymətləriniz nisbətən bahadır. Hətta mən buradakı qiymətləri Sinqapurla müqayisə edərdim. Demək olar ki, hotel və kirayə haqları eynidir.
   - Viza və birbaşa hava reysləri baxımından ölkəmizə səfər etmək necə, asandırmı?
   - Səfər və viza baxımından elə də çətinlik çəkmədik. Yoldaşımın vizasını Kuala Lampurdan (Malayziya - red.) aldıq. Online müraciət etdim, bir neçə gün ərzində vizanı təqdim etdilər. Mən özüm isə Tbilisidəki səfirliyinizə müraciət etmişdim. Cəmi bir günə hazır oldu. Hava reysləri baxımından isə vəziyyət nisbətən çətindir. Bir neçə reys dəyişməli olduq. Mən Azərbaycana Gürcüstandan gəldim. Həyat yoldaşım isə öncə Qətərin paytaxtı Dohaya, oradan Bakıya gəldi. Ümumi götürdükdə isə o qədər də çətin deyil. Ancaq təbii ki, birbaşa reyslərin olması daha yaxşı olardı.
   - Yəqin ki, bu müddət ərzində milli mətbəximizin dadına baxmısınız. Bəyəndinizmi?
   - Bəli, milli mətbəxinizdən dadmışıq. Elə indi bura - şəhərin mərkəzinə gəlməyimizin də əsas məqsədi Azərbaycan mətbəxi restoranlarının birində gözəl şam yeməyi etməkdir. Yeməklərdən kababların hər biri xoşuma gəlir, plov əladır. Bir də sizin balıqlar dadlı olur. Ancaq indi yay ayları olduğundan dada bilməyəcəyik. Mənim şəxsən lüləkabab və düşbərə xoşuma gəlir. Yoldaşım dolmanı bəyəndi. Burada meyvə, tərəvəz çox dadlıdır. Çalışırıq ki, gündəlik mövsümi meyvələrdən qəbul edək. Yoldaşım da buranın meyvə-tərəvəzlərini çox bəyəndi. Həm dadı yaxşıdır, həm də görünüşü.
   - Sizcə, ölkəmizə səfər edən turistləri məmnun etmək üçün daha nələr edilə bilər?
   - Bakıda turistlərin maraqlı istirahəti üçün lazımi imkanlar mövcuddur. Bununla belə, bəzi məsələlərə xüsusi diqqət yetirilərsə daha yaxşı olar. Məsələn, yollarda, küçələrdə turistlər üçün xüsusi bələdçi işarələr azdır. Onların sayının artırılması yaxşı olardı. Mən şəhərinizlə tanış olmağıma baxmayaraq bəzən hansısa məkanı tapmaqda çətinlik çəkirəm. Ölkənizə ilk dəfə səfər edən biri üçün bu, olduqca çətindir. Bələdçi kitabçalarında küçələr yazılır, ancaq həmin küçənin harada başlayıb harada bitdiyini tapmaq bəzən müşkülə çevrilir. Bundan əlavə, yolüstü və yeraltı keçidləriniz azdır. Bu üzdən avtomobillərin sıx olduğu küçələrdən keçmək çətinləşir və təhlükəlidir. Həmçinin Bakıda maşınları çox sürətlə sürürlər. Bu da əlavə problemlər yaradır. Məncə, turistlərin, eləcə də yerli sakinlərin daha təhlükəsiz hərəkətini təmin etmək üçün bu cür məsələlərin həlli vacibdir.
   
   Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar