Rəsm əsərini nəyin üzərində çəkmək önəmli deyil, əsas odur ki, bu sənətə sevgi və istəyin olsun. Bu peşənin vurğunu oldunsa kətana, yaxud vərəqə ehtiyac yoxdur, elə taxta üzərində də gözəlliklər yarada bilərsən.

Bu fikirlər Biləsuvar rayonundan olan gənc rəssam Seymur Bayramlıya məxsusdur. O, 20 ildən çoxdur taxta üzərində yandırma üsulu ilə (piroqrafiya) bir-birindən maraqlı əsərlər yaradır. Onun kağız üzərində rəsm əsərləri çəkməyə həvəsi uşaq yaşlarından yaranıb. Daha sonra taxta üzərində yandırma üsulu ilə rəsmlər çəkməyə başlayıb. Rəsmləri çəkərkən elektriklə işləyən qurğudan istifadə edir. Əl işlərində əsasən təbiət mənzərələrini, heyvanlar aləmini əks etdirir. Bir əl işinin hazırlanmasına isə təxminən bir həftə sərf olunur.

Gənc rəssam bildirir ki, bir əsəri yaradarkən əvvəlcə süjet xətti, o əsərin ayrıca hekayəsi olmalıdır: “Hər hansı əsəri işləməmişdən öncə ideyanı beynimdə formalaşdırıram. Çünki bizim işimizdə ən güclü amil yaradacağın əsəri əvvəlcədən düşüncələrdə canlandırmaqdır”.

Seymur Bayramlı müxtəlif formalı suvenirlər də hazırlayır. Deyir ki, uşaq vaxtı məftildən müxtəlif arabalar, çöplərdən çoxmərtəbəli binalar düzəldib.

Taxta üzərində çəkilən şəkillər alıcılara ölçüsündən asılı olaraq 60-100 manata təklif edilir. O, əsərlərinin turistlərə satışını təşkil etmək üçün xüsusi sərgi də açmaq istəyir.