Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) 140 illiyinin qeyd edilməsi haqqında dövlət başçısının sərəncamına əsasən, bölgələrdə müxtəlif səpkili tədbirlər təşkil olunur.  Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən "Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası" adlı tədbir keçirilib. Çıxış edənlər M.Ə.Rəsulzadənin keşməkeşli həyatından, onun Azərbaycanın ictimai fikir və istiqlal uğrunda mücadilə tarixində rolundan danışıblar. Tədbirin sonunda "Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti" adlı videoçarx nümayiş olunub, "Məhəmməd Əmin Rəsulzadə – 140" adlı kitab sərgisinə baxış olub.

***

Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanasında "Məhəmməd Əmin Rəsulzadə – 140" başlıqlı sərgi hazırlanıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər Rəsulzadənin həyat və fəaliyyətindən danışıblar.

***

Tovuz rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Rəsulzadənin keşməkeşli həyat yolundan, həmçinin müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında göstərdiyi misilsiz xidmətlərindən söhbət açılıb. Daha sonra mövzuya həsr olunmuş kitab sərgisinə baxış olub.

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi "İnsanlara hürriyyət, millətlərə istiqlal" adlı tədbir təşkil edib. Qeyd olunub ki, M.Ə.Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərib. Çıxışlardan sonra Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

***

Lənkəran şəhər Mərkəzi Kitabxanasında "Bir kərə yüksələn bayraq, bir daha enməz!" adlı tədbir keçirilib. Bildirib ki, Xalq Cümhuriyyəti dövrü Azərbaycan tarixində çox mühüm bir mərhələni təşkil edir. AXC-nin qurucularından olan M.Ə.Rəsulzadənin Azərbaycanda milli dövlətçilik şüurunun formalaşmasında və yaşadılmasında böyük xidmətləri olub. Sonda M.Ə.Rəsulzadənin 140 illik yubileyi münasibətilə təşkil olunan kitab sərgisinə baxış keçirilib.

Hazırladı: N.Məmmədli