Fevralın 1-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Muzeyin gənc elmi kadrları və perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Ədəbiyyat Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Hüseynova şuranın fəaliyyəti, keçirilən tədbirlər, görülən işlər haqqında məlumat verib.
Sonra muzeyin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva “Nizami Muzeyinin elmi həyatında gənclər” mövzusunda məruzə ilə çıxış edib. O, muzeydə ədəbiyyat və mədəniyyətin müxtəlif sahələrində aparılan tədqiqatlarda gənclərə üstünlük verildiyini vurğulayıb. “Artıq uzun illərdir Nizami Muzeyi ədəbiyyat və mədəniyyətin müxtəlif ixtisasları üzrə fəlsəfə və elmlər doktoru hazırlığı məqsədilə dissertantura və doktoranturaya qəbul həyata keçirir, gənc tədqiqatçılara aktual elmi mövzular həvalə edilir. Baş verən yeniliklər elmi kadrların və xüsusən də gənc elmi kadrların peşəkar şəkildə yetişdirilməsinə, onların elmi-mədəni inkişafına, dünyaya çıxışına, aparıcı qüvvəyə çevrilməsinə hesablanmışdır”, – deyə N.Əsədullayeva qeyd edib.
Filologiya üzrə fəlsəfə doktoru Dilbər Hüseynova “Muzeyin dünənini, bu gününü, sabahını yaşadan gənclər” mövzusunda məruzə edib. O, ilk gənclik çağlarından muzeydə çalışmış fədakar əməkdaşlardan söz açıb, onların fəaliyyətləri və uğurları barədə məlumat verib.
Daha sonra muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyevanın “Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir” mövzusunda məruzəsi dinlənilib. Tədqiqatçı əvvəlcə ölkənin həyatında gənclərin rolundan danışıb. Daha sonra gənclər siyasətinin muzeydən də yan keçmədiyini qeyd edib. O, muzeyin istər elmi-tədqiqat, istər muzeyşünaslıq istiqamətindəki kadr siyasətində gənclərə üstünlük verildiyini, hazırda muzeydə fərqli elm sahələri üzrə gənc fəlsəfə doktoru əməkdaşlarının üstünlük təşkil etdiyini vurğulayıb.
Dəyirmi masanın sonuncu məruzəsini Doktorantura və elmi inkişaf şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Cəmilə Dəmirova təqdim edib. “Gənc elmi kadrlar Nizami muzeyinin kapitalı kimi” mövzusunda məruzəsi ilə Cəmilə Dəmirova ölkədə elmin inkişafına göstərilən diqqət, yüksəkixtisaslı elmi kadrların hazırlanması, həmçinin Azərbaycan elminin beynəlxalq səviyyəyə inteqrasiyası, bu istiqamətdə atılan çoxşaxəli addımlar arasında ölkə üzrə gənc alimlərin fundamental elmi-tədqiqat prosesinə cəlb edilməsi, elmi-pedaqoji kadrlar, professor-müəllim heyətinin gəncləşməsi siyasəti barədə fikirlərini bölüşüb. O qeyd edib ki, ölkədə baş verən bu proseslər muzeydə də aydın görünməkdədir. İstər muzey rəhbərliyi, istərsə də muzeyin kifayət qədər təcrübəli, elm sahəsində öz imzaları ilə tanınan kadrları gənc nəslə diqqətlə yanaşırlar.
Məruzələrdən sonra prioritet istiqamətlər, yeni layihələr haqqında fikir mübadiləsi aparılıb.