“İsveç nəsr antologiyası” kitabı təqdim olunub…

 

Dövlət Tərcümə Mərkəzində İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentzson ilə görüş keçirilib.

Tərcümə Mərkəzindən bildirilib ki, görüşdə İsveç ədəbiyyatının Azərbaycanda tanıdılması və təbliği istiqamətində mərkəz tərəfindən həyata keçirilən tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə mərkəzin 1990-cı illərdən başlayaraq yaradıcılıqlarını davamlı şəkildə “Xəzər” dünya ədəbiyyatı jurnalında işıqlandırdığı Avqust Strindberq, Selma Lagerlöf, Per Lagerkvist, Eyvind Yonson, Tumas Tranströmer kimi dünyaşöhrətli İsveç yazıçı və şairlərinin ədəbi irsinin Azərbaycan oxucusuna daha geniş formatlarda çatdırılmasının, eyni zamanda Azərbaycan ədəbiyyatının İsveç ədəbi zümrəsinə yaxından tanıdılmasının əhəmiyyəti qeyd edilib.

“İsveç-Azərbaycan ədəbi əlaqələrinin genişləndirilməsi zəruri və tarixi məsələdir”, - deyən səfir nəhəng sənaye imperiyasının əsas kapitalını, Azərbaycan neftindən gələn vəsaitlə yaratmış məşhur Nobel qardaşlarının həyat və fəaliyyətindən bəhs edən “Nobel qardaşları” kitabını mərkəzə hədiyyə edib.

Sonda mərkəz tərəfindən qonağa qurumun bu günlərdə ərsəyə gətirdiyi “İsveç nəsr antologiyası” kitabı təqdim olunub.