Fevralın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı ilk inklüziv layihənin təqdimatı olub.

Tədbirin açılışında çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova layihənin Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin birgə təşkilatçılığı ilə birlikdə ərsəyə gətirildiyini bildirib. Tədbirin “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi çərçivəsində keçirildiyini söyləyən Ş.Məlikova deyib: "Ölkəmizin muzey tarixində ilk dəfə bu sərgidə təsviri sənət sahəsində taktillik tətbiq olunub. Burada Mirzə Qədim İrəvaninin rəngkarlıq və qrafik üslubda çəkilmiş bir neçə məşhur portretini, eyni zamanda rus rəssamı Nikolay Qruşevin "İrəvan Sərdar məscidi" əsərinin relyef modelləri nümayiş etdirilib. Tədbirdə əsərlər haqqında məlumat Brayl əlifbası vasitəsilə qonaqlara təqdim olunub".

Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru professor Natiq Əliyev fiziki məhdudiyyətli şəxslərin muzey həyatına, sosial və mədəni mühitə cəlb edilməsi istiqamətində davamlı layihələrin həyata keçiriləcəyinin vacibliyini vurğulayıb.

Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova mərkəz haqqında məlumat verərək orada 14 fəaliyyət istiqamətinin olduğunu diqqətə çatdırıb. O bildirib ki, mərkəzdə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi sahəsində işlər aparılır, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində geniş layihələr həyata keçirilir.

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev qeyd edib ki, belə layihələrin daha çox keçirilməsi arzuolunandır.

Sonda iştirakçılar “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi ilə tanış olublar.