Tanınmış jurnalist Rəhman Orxan fevralın 2-də uzunsürən xəstəlikdən vəfat edib.
Rəhman Abdurəhman oğlu Məmmədzadə (Rəhman Orxan) 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində anadan olub. 1967-ci ildə Qayabaşı kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki ADNSU) mühəndis-mexanik ixtisası üzrə bitirib. 1971–1979-cu illərdə Azərbaycan Boru-Prokat Zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor işləyib. 1979-cu ildən həmin zavodun nəşri olan “Metallurq” qəzetində çalışıb.
Rəhman Orxan 1981-ci ildə “Vışka” qəzetində müxbir vəzifəsinə işə dəvət olunub. 1983–1992-ci illərdə qəzetin Sumqayıt-Quba, Naxçıvan-Qarabağ zonaları üzrə xüsusi müxbiri işləyib, eyni zamanda respublikanın bir sıra qəzetlərində çıxış edib.
2001–2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 1985-ci ildən SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
Dövlət başçısının müvafiq sərəncamı ilə 2016-cı ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
“Mədəniyyət” qəzeti redaksiyasının kollektivi Rəhman Orxanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.