Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində regional seminarlar
   
   10-12 sentyabr tarixində "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi" adlı Avropa İttifaqı Tvinninq layihəsi çərçivəsində İsmayıllı və Lənkəranda "Regional və yerli turizmin planlaşdırılması və idarə olunması" adlı seminarların təşkili planlaşdırılıb.
   Seminarlar ÜD layihə rəhbəri Florian Zengstşmid, daimi tvinniq müşaviri Daiva Kirkilaite-Çetkuti və birinci komponentin rəhbəri Ferdinand Posnikin rəhbərliyi altında keçiriləcək.
   Tədbirlərin məqsədi iştirakçıların diqqətinə (icra hakimiyyəti, bələdiyyə, mehmanxana, turizm informasiya mərkəzləri, rayon mədəniyyət və turizm şöbələri) "Azərbaycanda turizm məkanlarının idarə olunması" mövzusunda nəzəri biliklərin çatdırılmasıdır. Seminarlarda ÜD layihə rəhbəri tərəfindən turizm məkanının marketinqi, turizm məhsullarının yaradılması və inkişafı, turizm məkanının təbliğatı və digər mövzulara dair məlumat veriləcək. Əlavə olaraq, iştirakçılar arasında yaranan sualların müzakirəsi üçün seminarların sonunda ayrıca vaxt nəzərdə tutulub.
   Ətraflı məlumatı aşağıdakı ünvanlardan əldə etmək olar: Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi, Aİ Tvinninq layihəsinin ofisi: Neftçilər prospekti 65, AZ1000 Bakı, Azərbaycan. Tel.: +994 12 437 11 80. E-mail: office@tourism-twinning.eu. İnternet səhifəsi: www.tourism-twinning.eu.