“British Council” təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva və bu qurumun əməkdaşları Azərbaycan Dillər Universitetində (ADU) olublar.

Bu barədə ADU-dan bildirilib. Rektor Kamal Abdulla qonaqlarla görüşdə ADU-da xarici dillərin tədrisi ilə bağlı müasir tədris metodlarından istifadə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrin qurulması və inkişafı istiqamətində əməkdaşlıqda maraqlıdır.

Nərgiz Hacıyeva isə beynəlxalq sertifikatlı dil imtahanlarının təşkili, tələbə və müəllimlərə bu istiqamətdə təlimlərin keçirilməsinin perspektivləri haqqında məlumat verib.

Qeyd olunub ki, ADU-da müəllim və tələbələrin beynəlxalq dil sertifikatlı imtahanlara marağı böyükdür. İmtahanların keçirilməsi və rəsmi sertifikatların verilməsi ilə bağlı aparılan müzakirələrdə müasir təlim və tədris metodlarının tətbiqinin önəmindən danışılıb.

Görüşdə gələcək əməkdaşlığın yeni istiqamətləri və beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti ətrafında müzakirələr aparılıb.