2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında gənc müəllimlərlə görüş keçirilib.
“Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda gerçəkləşən görüşün iştirakçıları əvvəlcə Uşaq Kitabxanası ilə tanış olub, Firidun bəy Köçərlinin pedaqoji fikir tariximizdəki yeri, maarifçilik fəlsəfəsinə həsr edilmiş videoçarxı izləyiblər.
Kitabxananın direktoru Şəhla Qəmbərova gənc müəllimlərlə görüşün böyük pedaqoq və maarifçinin adını daşıyan kitabxanada keçirilməsinin rəmzi məna daşıdığını bildirib. O, F.Köçərlinin gənc nəslin təlim-tərbiyəsi və inkişafındakı xidmətləri barədə məlumat verib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva böyük müəllim, pedaqoq, maarifçi, ədəbiyyatşünas F.Köçərlinin təəssübkeş Vətən ziyalısı kimi Azərbaycan məktəbi və pedaqoji fikir tarixindəki yerindən danışıb. Bildirib ki, F.Köçərlinin elmi-pedaqoji və maarifçilik fəaliyyətində ana dilinin qorunub saxlanılması, təlimin ana dilində aparılması ideyasının inkişafı yolunda çalışaraq qoyduğu zəngin irs bu gün təhsil müəssisələrində uğurla davam etdirilir.
M.Vəliyeva böyük pedaqoqun əsasını qoyduğu dəyərlərin bu gün Azərbaycan müəllimi tərəfindən layiqincə qorunduğunu bildirib. Gənc müəllimləri mütəşəkkil olaraq maarifçilik işinə töhfə verməyə səsləyən M.Vəliyeva cəmiyyətdə müəllim adının və nüfuzunun qorunub saxlanması estafetinin onların əlində olduğunu söyləyib. O, ümidvar olduğunu bildirib ki, Azərbaycanın gənc müəllimləri F.Köçərli və digər işıqlı maarifçilərin amallarını müasir dövrdə layiqli səviyyədə gerçəkləşdirəcək, bu müqəddəs missiyanı uğurla davam etdirə biləcəklər.
Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü, ADA Universitetinin ABŞ-dəki Mərkəzinin prezidenti Qalib Məmməd ADA Universitetinin ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək məqsədilə F.Köçərlinin əsasını qoyduğu Qazax Müəllimlər Seminariyasının tarixi binası və missiyasını bərpa etdiyini söyləyib. Müəllimlik missiyasının fəlsəfəsindən bəhs edən Q.Məmməd universitetin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində regionlardakı qabaqcıl müəllimlərin seçilərək ixtisasartırma üçün ADA-da, həmçinin ADA Universitetinin Vaşinqton Mərkəzində beynəlxalq təhsil təcrübəsi ilə tanış olmaq imkanı qazandıqlarını bildirib. Beynəlxalq miqyasda Azərbaycanı təmsil etmək və millətin səsi olmaq vəzifəsinin gənclərin üzərinə düşdüyünü söyləyən Q.Məmməd bu missiyada məktəbin, müəllimin əhəmiyyətli rolundan söz açıb.
ADA Universitetinin prorektoru Vəfa Kazdal, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə, Şəmkir rayonu Seyfəli kənd tam orta məktəbinin informatika müəllimi Rəna Heydərzadə yenilikçi müəllimləri dəyər kimi təqdim etmək, nümunəvi təcrübələri yaymaq, peşəkar müəllimlər yetişdirmək, vətəndaşlıq və sosial məsuliyyət hissini daha dərindən aşılamaq işində birgə səyləri müsbət dəyərləndiriblər.
Vətən müharibəsi qazisi, 87 nömrəli tam orta məktəbin müəllimi İsrafil Hüseynov Qarabağda qazanılan Zəfərdə imzası olan gənc müəllim kimi qürur duyduğunu, vətənpərvərlik dərsini bundan sonra daha böyük əzmlə sinif otaqlarında davam etdirəcəyini söyləyib.
Görüşdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə gənc müəllimlərin peşəkar inkişafına göstərdiyi səmərəli fəaliyyətinə görə BŞTİ tərəfindən fəxri fərmanla təltif olunub.
Daha sonra Azərbaycan təhsilinin milli dəyərlərə əsaslanan yeni məzmunu, təhsil müəssisələrində XXI əsr bacarıqlarını aşılayan yenilikçi ideyaların tətbiqi və digər məsələlər ətrafında müzakirələr aparılıb, gənc müəllimləri maraqlandıran aktual mövzulara aydınlıq gətirilib.
Sonda 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvünün ifası təqdim olunub.