Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-cu “Gəncliyin səsi” Festivalının açılış mərasimi keçirilib.
Qonaqlar əvvəlcə mərkəzin foyesində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn fakültəsində geyim dizaynı üzrə təhsil alan tələbələrin moda kolleksiyası ilə tanış olublar. Tələbələrin "Tomris sorağında" adlı kolleksiyası özündə modern, abstrakt, etnoqrafik elementləri və avanqard üslubları əks etdirir.
Sonra festivalın tarixində ilk dəfə olaraq gənc aşıqların konsert proqramı təqdim edilib. Proqramdan əvvəl bildirilib ki, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq dövlət tərəfindən gənclərə davamlı diqqət və qayğı göstərilib. Gənclərin təhsili, inkişafı, rifahı sahəsində mühüm tədbirlər görülüb. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral “Azərbaycan gəncləri günü” elan edilib və bu tarixdən etibarən artıq 27 ildir ki, həmin tarix Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu münasibətlə 10-cu dəfədir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Gəncliyin səsi” festivalı keçirilir. Festivalın məqsədi gənclərin yaradıcı fəaliyyətinin canlandırılması, bu sahəyə marağın artırılması, gənclərin istedadının üzə çıxarılması və tanıdılmasına şərait yaratmaqdır.
O da vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün zəmin yaradılıb.
Bildirilib ki, festival çərçivəsində ilk dəfə olaraq aşıq sənətinə müraciət olunub. Milli mədəni kimliyimizi müəyyənləşdirən ən mühüm ünsürlərdən olan aşıq sənəti ulu babaların bizə bəxş etdiyi ərməğandır.
Daha sonra səhnə gənc aşıqlara verilib. Ənənəvi şəkildə ifa olunan və bəstəkar yaradıcılığında istifadə olunan, eləcə də pianoda improvizə edilmiş aşıq havaları maraqla qarşılanıb. Bununla yanaşı, müxtəlif dövrlərdə yaşamış aşıqların sözlərinə yazılmış mahnılar xanəndə və xor kollektivi tərəfindən ifa olunub.
Proqramda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, bu təhsil ocağının nəzdində fəaliyyət göstərən Humanitar Kollec, Azərbaycan Milli Konservatoriyası, Abşeron rayonu Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin müəllim, tələbə və şagird heyəti öz ifaları ilə tamaşaçıların zövqünü oxşayıblar.
Konsertdə bəzi musiqi nömrələri ilk dəfə səslənib. “Şəms-Qəmər” kamera xoru Aşıq Alının sözləri üstündə oxunan “Baş müxəmməs” havasını ilk dəfə olaraq saz və dördsəsli xor üçün ifa edib. Eləcə də gənc musiqiçilər aşıq havalarını pianoda səsləndirməklə musiqisevərlərin marağına səbəb olublar. Konsert proqramı alqışlarla qarşılanıb.
Lalə Azəri