Heydər Əliyev Mərkəzində Yaponiyanın ənənəvi dram teatr sənəti olan “No” üzrə ixtisaslaşan Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdirilib.
Üç hissədən ibarət “Noh Opera”da müxtəlif musiqi alətlərinin müşayiəti ilə “Raku” rəqsi ifa olunub, sağlam və xoşbəxt həyat tərzindən, “ilahi qılınc” olan katananın düzəldilməsindən bəhs edilib. Səhnədə odlar yurdu Azərbaycanın və şam ağacı ölkəsi olan Yaponiyanın dostluğu müvafiq simvollarla təcəssüm etdirilib.
Yapon incəsənət ustalarının çıxışları Azərbaycan tamaşaçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “No” teatr sənəti 7 əsrdən bəri Yaponiyada nəsildən-nəslə, valideyndən övlada, ustaddan şagirdə ötürülən nadir incəsənət növlərindən hesab olunur. “No” orta əsrlərdə Yaponiyada təbii fəlakətlərin qarşısının alınması üçün insanların fövqəltəbii qüvvələrə duaları və dini ritualları zəminində formalaşıb. Həmçinin müxtəlif mədəniyyətlər İpək yolu vasitəsilə bu qədim incəsənət növünün yaranmasına təsir göstərib.