Gənclər Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsildə və ictimai fəaliyyətdə fərqlənən tələbə-gənclərlə görüş keçirilib.
AzMİU-dan bildirilib ki, tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili Azərbaycan Gəncləri Günü barədə ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətindən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıb. Bildirib ki, qazanılan qələbələr və həyata keçirilən islahatlar sayəsində bugünkü gənclik Azərbaycanın ən parlaq dövrünə şahidlik edir.
Təşkilat sədri qeyd edib ki, ölkəmizin dayanıqlı gənclər siyasəti AzMİU-da da uğurla həyata keçirilir.
Universitetin rektoru professor Gülçöhrə Məmmədova Azərbaycan Gəncləri Günü münasibətilə tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Rektor tələbə-gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərməyi, bilik və bacarıqlarını ölkəmizin inkişafına yönəltməyi tövsiyə edib. Gülçöhrə Məmmədova qeyd edib ki, bu gün gənclərimiz ölkənin inkişafında fəal rol oynayırlar: “Onların uğurlu fəaliyyətini bütün sahələrdə görmək mümkündür. Azərbaycanın vahid gənclər siyasəti ölkəmizin bütün strukturlarında olduğu kimi, universitetimizdə də uğurla davam etdirilir. Ali təhsil ocağı yarandığı gündən kollektivi və məzunları ilə ölkəmizin həyatında misilsiz xidmətlər göstərir. Dövlətçiliyin daha da möhkəmləndirilməsinə, inkişafımızı təcəssüm etdirən tikinti-quruculuq işlərinə önəmli töhfələr verir. Bu köklü ali təhsil müəssisəsi Heydər Əliyev prinsipinə sadiq qalaraq vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksəkixtisaslı mütəxəssislər yetişdirir”.
Rektor 44 günlük Vətən müharibəsində Azərbaycana parlaq Qələbə sevincini yaşadan, canı və qanı bahasına ən yeni tarix yazan, əzəli torpaqlarımızı işğaldan azad edən qəhrəman gənclərimizi də unutmayıb. O, Vətən müharibəsində gənclərin yüksək iradə, əzm, milli ruh və vətənpərvərlik nümayiş etdirdiyini diqqətə çatdırıb.
Gülçöhrə Məmmədova yaxın günlərdə ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərindən də danışıb: “Azərbaycan gəncləri hər zaman öz fəallığı ilə seçilir. Əminliklə deyə bilərik ki, qarşıdan gələn prezident seçkilərində də bu fəallıq özünü göstərəcək. İnanıram ki, tələbə-gənclərimiz Azərbaycanın sağlam gələcəyi, uğurları, rifahı naminə layiqli namizədə səs verəcəklər”.
Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev və Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən qayğıdan danışıblar. Bildirilib ki, bu qayğının nəticəsində gənclər ölkənin aparıcı qüvvəsinə çevrilib. Artıq öz üzərində işləyən, özünü inkişaf etdirən, dövlət siyasətinə layiq gənclik formalaşıb.
Tədbirdə AzMİU və İstanbul Texniki Universitetinin inşaat ixtisası üzrə ikili diplom proqramının ilk məzunu Asiman Əlizadənin və digər tələbə-gənclərin də çıxışları dinlənilib. Onlar ölkədə gənclərə qayğıdan danışıb, AzMİU rəhbərliyinin onlara yaratdığı şəraitdən razılıq ediblər.
Sonda təhsildə, idmanda fərqlənən tələbələr əlamətdar gün münasibətilə təltif olunublar.
Universitet rəhbərliyi tərəfindən “Heydər Əliyev adına təqaüd”ə layiq görülən AzMİU-nun iki tələbəsinə diplom, digər tələbələrə isə təşəkkürnamələr təqdim olunub.