Fevralın 2-də Milli Kitabxanada Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində gənc yazar Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının təqdimatı da olub.
Milli Kitabxananın direktoru Kərim Tahirov əvvəlcə gəncləri bayram münasibətilə təbrik edib. Bildirib ki, hər il Milli Kitabxanada Gənclər Günü ilə bağlı tədbirlər keçirilir və gənc yazarların bir kitabının təqdimatı olur. Milli Kitabxana hər zaman Ulu öndər Heydər Əliyevin əsası qoyduğu dövlət gənclər siyasətinə uyğun olaraq gənclərə dəstək olmağa çalışır.
Kərim Tahirov gənc yazıçını təbrik edib və ona yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Əməkdar jurnalist, kitabın ön söz müəllifi və redaktoru Əli Nəcəfxanlı, “Xalq qəzeti”nin şöbə müdiri Səbuhi Məmmədov və çıxış edərək müəllifə xoş diləklərini çatdırıblar.
“Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin bədii qiraətçiləri Rəbiyyə Bayramova və Rafael İsgəndərov şeirlər səsləndiriblər.
Rizvan Fikrətoğlu tədbir iştirakçılarına və Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda gənc yazarlara və tədbir iştirakçılarına Milli Kitabxananın təşəkkürnamələri təqdim edilib.