Mədəniyyət naziri Adil Kərimli fevralın 2-də Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Aktotı Raimkulovanı fondun yeni rəhbəri təyin olunması münasibətilə təbrik edən nazir ona işlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qardaş türk respublikalar ilə əlaqələrin bütün sahələrdə inkişafına, mədəni əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verilir, dövlət başçısının təşəbbüsü və bütün türk dövlətlərinin dəstəyi ilə təsis olunan Türk Mədəniyyəti və İrsi Fondu bu sahədə aparıcı platformalardan biri kimi çıxış edir.

Fond yarandığı dövrdən qardaş xalqların tarixi-mədəni mirasının qorunması, bərpası və təbliği sahəsində diqqətəlayiq fəaliyyət göstərib. Azərbaycanın Mədəniyyət Nazirliyi Türk dünyasının maddi və qeyri-maddi mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və təbliği ilə bağlı proqram və layihələrdə mütəmadi olaraq iştirak edir, onların həyata keçməsinə dəstək verir.

Qəbula və təbrikə görə nazirə təşəkkürünü bildirən Aktotı Raimkulova yeni dövrün çağırışları kontekstində TMİF-in fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, fondun üzərinə düşən vəzifələrin uğurla icrasında üzv dövlətlərin dəstəyi əsas amildir. Bu mənada fondun baş qərargahına ev sahibliyi edən Azərbaycanın rolu xüsusi önəm daşıyır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri və 2024-cü il üzrə fəaliyyət planı, xüsusilə də ortaq türk mədəni irsinin təbliği ilə bağlı nəzərdə tutduğu təşəbbüslər müzakirə edilib.

Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının 3 noyabr 2023-cü il tarixində Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu Zirvə toplantısında TMİF-in prezidenti təyin olunub. Qazaxıstanın Əməkdar incəsənət xadimi, musiqiçi, sənətşünaslıq elmləri doktoru olan Aktotı Raimkulova 1964-cü ildə Almatı şəhərində Qazaxıstanın tanınmış yazıçısı Rahmetolla Raimkulovun ailəsində doğulub. 1987-ci ildə Kurmanqazı adına Almatı Dövlət Konservatoriyasını bəstəkar, pianoçu və musiqi nəzəriyyəsi müəllimi ixtisası üzrə bitirib. 2007-ci ildə sənətşünaslıq üzrə namizədlik (fəlsəfə doktorluğu), 2010-cu ildə doktorluq dissertasiyaları müdafiə edib. 2016–2019-cu illərdə Qazaxıstan mədəniyyət və idman nazirinin müavini, 2019–2022-ci illərdə nazir vəzifələrində çalışıb. TMİF-in rəhbəri təyin olunanadək “Qazaxkonsert”in direktoru olub.