Fevralın 2-də Azərbaycan Milli Xalça Muzeyində “açıq qapı” aksiyası və əlilliyi olan gənclərin əl işlərindən ibarət “Sərhədsiz sənətkarlar” adlı sərgi-yarmarka təşkil olunub.

2 fevral – Gənclər Gününə həsr edilən tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva çıxış edərək ölkəmizdə gənclərin inkişafı naminə görülən işlərdən və layihələrdən söhbət açıblar.

Bildirilib ki, Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu sahədə də bir çox ölkələri qabaqlayıb.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 27 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edir.

Muzeydə gənclərin asudə vaxtının səmərəli təşkili, onların ölkəmizin zəngin mədəni irsi ilə muzeylər vasitəsilə yaxından tanış olması məqsədilə keçirilən “Açıq qapı” aksiyası 14-29 yaşlı şəxsləri əhatə edib.

Tədbir çərçivəsində təşkil olunmuş sərgi-yarmarkada Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin 9 istiqamət üzrə (xalçaçılıq, bədii tikmə, xovlu toxuma, muncuqlarla toxuculuq, bədii oyma, dərzilik, rəssamlıq, vitraj boya, dulusçuluq) əl işlərinin nümayişi və satışı təşkil edilib. Əlilliyi olan gənclərin istedad və bacarıqlarının təbliği, dəstəklənməsi, həmçinin onların cəmiyyətə inteqrasiyası məqsədi daşıyan sərgi-yarmarkada ümumilikdə 20 müəllifin əl işləri yer alıb.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər.