Xəbər verdiyimiz kimi, TÜRKSOY Daimi Şurasının 2023-cü ilin oktyabrında Şuşa şəhərində keçirilən 40-cı iclasında alınan qərara əsasən, Türk dünyasının ortaq folklor qəhrəmanı Molla Nəsrəddin haqqında bədii film çəkiləcək. Təşkilata üzv ölkələrin mədəniyyət nazirlikləri və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gələcək ekran əsərinə Azərbaycanın Xalq artisti, kinorejissor Vaqif Mustafayev quruluş verəcək.

Filmin hazırlıq prosesi ilə bağlı sualımızı cavablandıran rejissor bu günlərdə Türkiyəyə səfər etdiklərini, Ankarada, TÜRKSOY-un iqamətgahında təşkilatın baş katibinin müavini Sayit Yusufla görüş keçirərək film layihəsinin icrası ilə əlaqədar fikir mübadiləsi apardıqlarını bildirdi: “Hazırda iştirakçı türk respublikalarından ssenarilərin dəyərləndirilməsi mərhələsindəyik. Ssenari üzərində iş yekunlaşdıqdan sonra artıq filmin sonrakı prosesləri haqqında danışmaq olar”.

Rejissorun sözlərinə görə, müştərək ekran əsərinin Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda lentə alınması nəzərdə tutulur.

Lalə Azəri