AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Rəsulzadənin Azərbaycan tarixində yeri” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutdan bildirilib ki, elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev Məhəmməd Əmin Rəsulzadənin keşməkeşli həyatından və müqəddəs amalı uğrunda ömrünün sonuna qədər mübarizə aparmasından danışıb.
Sonra Dünya tarixi şöbəsinin müdiri İradə Bağırova “M.Ə.Rəsulzadənin Avropada mühacirət həyatı” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, 1922-ci ildə Türkiyəyə mühacirət etməyə məcbur olan Rəsulzadə özünəməxsus enerjisi ilə bu ölkədə aktiv fəaliyyət göstərib. “Azəri-Türk”, “Odlu Yurd” və “Bildiriş” jurnallarını nəşr etdirib. 1923-cü ildə İzmirdə xüsusi mükafata layiq görülən “Azərbaycan Cümhuriyyəti”ni ərsəyə gətirib. Eyni zamanda M.Ə.Rəsulzadə və onun tərəfdarları Müsavat partiyasının xarici bürosunu, eləcə də vəzifəsi bütün daxili mühacirəti birləşdirmək olan Azərbaycan Milli Mərkəzini yaratmağa müvəffəq olublar. Hər iki təşkilatın əsas çap orqanı “Yeni Kavkaziya” jurnalı idi.
1925-ci ildə Türkiyə ilə SSRİ arasında dostluq və neytrallıq barədə müqavilə imzalanıb. Bundan sonra Moskvanın təzyiqi ilə Türkiyə hökuməti bütün rus mühacirətinin, o cümlədən azərbaycanlıların fəaliyyətinə qadağa qoymağa məcbur olub. Bu şəraitdə M.Ə.Rəsulzadə də bir çox siyasi mühacir kimi Qərbə üz tutmağa məcbur qalır, Polşada sığınacaq tapır. İkinci Dünya müharibəsi illərini Rəsulzadə, əsasən, Rumıniyada keçirib. 1947-ci ildə o, yenidən Türkiyəyə qayıdır və 1949-cu ildə burada Azərbaycan Kültür Dərnəyini təşkil edir. 1952-ci ildən “Azərbaycan” jurnalını nəşr etdirməyə başlayır. Ömrünün sonuna qədər M.Ə.Rəsulzadə Azərbaycan Milli Mərkəzinin rəhbəri kimi çalışır və ölkəsinin istiqlaliyyəti uğrunda mübarizəsini davam etdirir.
Daha sonra, institutun Azərbaycan Cümhuriyyəti şöbəsinin böyük elmi işçisi Aygün Əzimova “M.Ə.Rəsulzadənin Cümhuriyyətəqədərki ictimai-siyasi fəaliyyəti (fevral 1917 – may 1918)”, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Məmmədzadənin “M.Ə.Rəsulzadənin sosial-iqtisadi görüşləri”, tarix elmləri doktoru, dosent Vasif Qafarovun “M.Ə.Rəsulzadənin İstanbul konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti (iyun – oktyabr 1918-ci il)” mövzularında məruzələri dinlənilib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb.