Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-3 fevral tarixlərində keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində Qax Dövlət Kukla Teatrında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim edilib.

Tamaşaçılar əvvəlcə teatrın foyesində yaradıcı gənclərin əl işlərində ibarət sərgi ilə tanış olublar.

Teatrın direktoru vəzifəsini icra edən Əməkdar artist Yusif Abdurahmanov və ədəbi-bədii hissə müdiri Osman Abdullayev çıxış edərək Gənclər Günü münasibətilə təbriklərini çatdırıblar. Sərgidə fəal iştirak edən gənc rəssamlara fəxri fərmanlar təqdim olunub.

Rejissor Y.Abdurahmanovun quruluş verdiyi tamaşada Xeyir obrazını aktyor İlmar Abdullayev, Şər obrazını isə Araz Mehrablı canlandırıblar. Tamaşanın kuklalarla təqdim olunan hissəsində isə rolları aktyorlar Afət Yaqubova (Xeyir), Azər Kərimov (Şər), həmçinin Aynurə Abbasova (şahzadə), Elnarə Razıyeva (qulluqçu), Cəbrayıl Quluşov (dəvə) ifa ediblər. Tamaşanın rəssamı Mayis Abdullayevdir.

Nümayişdən sonra Y.Abdurahmanov bildirib ki, hazırda sənət ocağında E.Çernyak və E.Gilodinin “Güllü və Güloğlan” tamaşası üzərində məşqlər davam edir. Tamaşa martın axırlarında uşaqlara təqdim olunacaq. Yaradıcı kollektivin bu il bölgənin rayonlarına qastrol səfərləri də nəzərdə tutulur.