Dünya Turizm Gününün builki şüarı açıqlandı
   
   Məlum olduğu kimi, sentyabrın 27-si Dünya Turizm Günü kimi qeyd olunur. Hər il bu günlə bağlı Dünya Turizm Təşkilatı tərəfindən xüsusi şüar elan olunur. Təşkilatın saytında yer alan xəbərə görə, Dünya Turizm Gününün builki mövzusu «Turizm və su resursları: ümumi gələcəyimizin qorunması» olacaq.
   Bu mövzu dünyada həyat üçün vacib olan su ehtiyatlarının mühafizəsində turizm sektorunun məsuliyyət və marağının artmasını əhatə edəcək. Su ehtiyatlarının qorunmasına dair keçirilən beynəlxalq tədbirlərə turizmin verə biləcəyi töhfələr diqqət mərkəzində olacaq.
   Dünya Turizm Gününün budəfəki mövzusu həm də BMT Baş Məclisinin 2010-cu il 20 dekabr tarixli «2013-cü il - Su Əməkdaşlığı Beynəlxalq ili» deklarasiyasının da tələblərinə cavab verir.
   Dünya Turizm Gününün rəsmi mərasimi Maldiv adalarında keçiriləcək. Bu günün hər il qeyd olunmasının məqsədi ictimaiyyətin diqqətini turizmin sosial, mədəni, siyasi və iqtisadi dəyərlərinə yönəltməkdir.