Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində gəncliyin yaradıcılığa meylini artırmaq, dünyagörüşlərini genişləndirmək, təxəyyüllərini inkişaf etdirmək üçün “Sənətə sərhəd yoxdur” adlı ustad dərsi təşkil edilib.
Muzeydən bildirilib ki, ustad dərsində “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin üzvləri, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.
“Ran Art Studio” emalatxanasında gənc rəssam Novruz Əhmədov tərəfindən keçirilən dərsdə iştirakçılara qum sənətinin tarixindən, incəliklərindən məlumat verilib. Sonra iştirakçılara qum üzərində bir-birindən fərqli kompozisiyalar nümayiş olunub. Həzin musiqi sədaları altında işıqlı şüşə masa üzərində qum dənələrindən hazırlanan sənət nümunələri gənclər tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar dərsdə, həmçinin qum sənətinin işləmə texnikasını, animasiyaların keçid ardıcıllığını da diqqətlə izləyib və həvəslə təkrarlayıblar.
Gəncliyə böyük dəyər verən Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1997-ci ildən etibarən hər il fevralın 2-si respublikamızda Gənclər Günü kimi qeyd olunur. Gənclərimizin faydalı məşğulluğunun təmin edilməsi və habelə onların asudə vaxtının səmərəli təşkili məqsədilə bir sıra dövlət proqramları hazırlanır. Bunu əsas tutaraq respublikanın aparıcı muzeylərindən biri kimi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi də gənclər və yeniyetmələr üçün mütəmadi olaraq müxtəlif mövzular ətrafında maarifləndirici konfranslar, dəyirmi masalar, görüşlər, ustad dərsləri kimi layihələr həyata keçirir.