6 milyon 524 min 203 seçki bülleteni məntəqə seçki komissiyalarına verilib

 

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Səsverməyə iki gün qalmış seçkilərlə bağlı hazırlıq işləri tamamlanıb.

Azərbaycanın müstəqillik tarixində bu seçkilər ilk dəfə ölkənin bütün ərazisində – 2020-ci ilin Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş, eləcə də 2023-cü ilin 19-20 sentyabrındakı lokal antirerror əməliyyatı zamanı dövlət suverenliyimizin bərpa olunduğu şəhər və rayonlarda da keçiriləcək.

Ümumiyyətlə, indiyədək respublikamızın bütün ərazisini əhatə edən seçki prosesi sonuncu dəfə sovet dövründə – 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər olub. 1988-ci ildə Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsində erməni separatizmi baş qaldırandan sonra bu bölgədə respublikanın ali hakimiyyət strukturlarına seçki keçirilməmişdi.

Prezident seçkilərinə gəlincə, 7 fevral 2024-cü ildə Azərbaycan Respublikasında bu qəbildən sayca 9-cu seçki olacaq. Bundan öncə Azərbaycanda prezident seçkiləri (o cümlədən növbədənkənar) 1991, 1992, 1993, 1998, 2003, 2008, 2013  və 2018-ci illərdə keçirilib.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, 7 fevral növbədənkənar prezident seçkiləri üçün 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

Fevralın 3-də dairə seçki komissiyaları (ölkə üzrə 125 seçki dairəsi var) tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb.

Qeyd edək ki, seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı üç gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır.

Seçki bülletenlərinin MSK tərəfindən dairə seçki komissiyalarına paylanması prosesi isə fevralın 1-də başa çatdırılıb.

MSK-dan verilən digər məlumata görə, prezident seçkiləri ilə əlaqədar 790 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Seçki prosesini izləyəcək yerli müşahidəçi sayı isə 80 minə yaxındır.

Növbədənkənar prezident seçkilərinə xarici medianın da marağı böyükdür. Müxtəlif ölkələrdən 60-dan çox media qurumunun 120-dək əməkdaşı seçki prosesinin işıqlandırılması üçün müraciət edib.

Həmçinin seçki günü proseslərin əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Xatırladaq ki, növbədənkənar prezident seçkilərində yeddi namizəd var: hazırkı dövlət başçısı və Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.