Mərkəzi İncəsənət Məktəbinin konserti
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Beynəlxalq Muğam Mərkəzində (BMM) Gənclər Gününə həsr olunmuş “Gənclər gələcəyimizdir” adlı konsert keçirilib.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dəstəyi ilə gerçəkləşən konsertdə öncə mərkəzin foyesində məktəbin xalq çalğı alətləri orkestrinin, xanəndə və balaban ansamblının, o cümlədən rəqs qruplarının və ADMİU-nun tələbəsi Ülviyyə Qarayevanın ifasında gözəl musiqi nömrələri təqdim edilib.
Tədbirin aparıcısı – məktəbin nəzəriyyə şöbəsinin müdiri, musiqişünas Nabat Əsgərova Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmanla 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi barədə söz açıb.
Musiqi nömrələri xoreoqrafiya və rəssamlıq şöbəsi şagirdlərinin əl işlərindən ibarət “Rəngarəng notlar” adlı rəsm sərgisi ilə davam edib.
Konsertin ikinci hissəsi BMM-in salonunda davam edib. Burada həm klassik, həm də xalq çalğı alətlərindən solo ifalar, sonda isə məktəbin kamera ansamblının ifası alqışlarla qarşılanıb.