Film və tamaşa nümayişi

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarındakı “Yarımçıq qalmış” tamaşasının fevralın 3-də keçirilən növbəti nümayişi Milli Qəhrəman Koroğlu Rəhimovun 70 illik yubileyinə həsr edilib.

Tamaşanın nümayişindən əvvəl rejissor Kəmalə Musayevanın “Vətənim mənim” adlı sənədli film təqdim edilib. Filmdə 1992-ci ilin iyul ayında könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanan, həmin ilin oktyabrında 39 yaşında qəhrəmancasına şəhid olan Koroğlu Rəhimovun döyüş yolundan, müharibədə göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

Sonra teatrın truppa rəhbəri Ələsgər Muradxanlı çıxış edərək Milli Qəhrəmanın şərəfli həyat yoluna nəzər salıb.

Milli Qəhrəmanın oğlu Rəşad Rəhimov atasının xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib. Çıxışlardan sonra “Yarımçıq qalmış” tamaşası nümayiş olunub.

Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərvər oğlanlar” əsəri əsasında Xalq artisti, mərhum rejissor Vaqif Əsədov tərəfindən hazırlanan tamaşa Birinci Qarabağ müharibəsinin ağrı-acılarından, müharibənin insanların həyatında yaratmış olduğu faciələrdən bəhs edir.

Rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Nuriyyə Əliyeva, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Ramil Məmmədov, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Tahir İsmayılov, Xaliq Bəkirov ifa ediblər.