AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Orfoepiya lüğətinin tərtibi ilə bağlı müzakirə keçirilib.
İnstitutdan bildirilib ki, müzakirədə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professorları, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşları, media nümayəndələri iştirak ediblər.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli iclasda bildirib ki, Azərbaycan Respublikası tarixində ilk dəfə olaraq dövlət səviyyəsində 2021-ci il iyunun 18-də qəbul edilmiş “Azərbaycan dilinin orfoepiya normaları” mövcud orfoepiya lüğətlərinin, orfoepiya ilə bağlı elmi ədəbiyyatın, bu sahədə böyük təcrübəsi olan mütəxəssislərin fikirlərinin müqayisəsi əsasında hazırlanıb. Normalarda sözlərin fonetik, leksik, morfoloji, sintaktik mövqedə tələffüzü, eləcə də vurğu, ixtisar, qısaltma və abreviaturların tələffüzü nəzərə alınıb. Hazırda institutda orfoepiya normaları əsasında yeni orfoepiya lüğəti çapa hazırlanır.
Sonra institutun şöbə müdiri dosent Kifayət İmamquliyeva mübahisəli bəndləri diqqətə çatdırıb.
İclasda Bakı Dövlət Universitetinin kafedra müdiri professor Tofiq Hacıyev bildirib ki, orfoepiya elmdir, onun nəzəri prinsipləri var. Orfoepiyanı məişət səviyyəsinə endirmək olmaz. Orfoepiya səsin məxrəci ilə bağlı olan məsələdir.
Monitorinq Mərkəzinin şöbə müdiri dosent Şahlar Məmmədov bəzi yer adlarının və “ilə” qoşmasının, bağlayıcısının tələffüzü ilə bağlı mübahisəli məsələləri səsləndirib. O, həmçinin orfoepiya normalarındakı 2.3-cü maddəni (Tərkibində eynicinsli qoşa saitlər olan ərəb mənşəli sözlər bir uzun saitlə tələffüz olunur: bədii [bədi:], camaat [cama:t] və s.) dəstəklədiyini vurğulayıb.
“Grammar Azi” səhifəsinin rəhbəri Murad Hüseynov isə sosial mediada ən çox rast gəlinən mübahisəli dil faktlarını diqqətə çatdırıb.