Xəbər verdiyimiz kimi, 1-3 fevral tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə (2 fevral) həsr olunmuş 10-cu “Gəncliyin səsi” festivalı keçirilib.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə hər bir sahədə gənclərin fəal iştirakı, maraqlı ideyaları dəstəklənir, onların milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı və bədii-estetik zövqünün formalaşması üçün müxtəlif proqram və layihələr həyata keçirilir.
"Gəncliyin səsi" festivalının keçirilməsində də əsas məqsəd gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılmasıdır.
Fevralın 2-də festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc bəstəkarların diplom işlərindən ibarət konsert və gənc rəssamların əsərlərindən ibarət sərgi keçirilib.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor - Mustafa Mehmandarov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər - Xalq artisti Gülbacı İmanova) müşayiəti ilə solistlər Nigar Əsgərova (soprano), Rauf Məmmədzadə (bariton), Ümidə Abasova (violin), Xəyal Əliyev (akkordeon) və Səxavət Məmmədov (tar) çıxış ediblər.
Proqramda Üzeyir Məmmədovun "Zaman axarı" simfoniyası (4 hissə), Nigar Süleymanın "Triptix" simfoniyası (3 hissə), Fərid Fətullayevin "Dəsgah" və Ülkər Aşurbəylinin "Tanqo hekayəti" operasından "Süita" (4 nömrə) əsərləri səsləndirilib.
Bütün çıxışlar alqışlarla qarşılanıb.
Nurəddin