Fevralın 6-da Türkiyə tarixində ən böyük təbii fəlakətin, 53 mindən çox insanın həyatına son qoyan zəlzələnin birinci ildönümü tamam oldu.

2023-cü il fevralın 6-da yerli vaxtla gecə saat 4:17 radələrində Türkiyənin cənub-şərqində – episentri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,7 bal gücündə zəlzələ ölkənin 10-a yaxın vilayətində minlərlə insanı dağıntılar altında qoydu. Zəlzələnin ağır şoku içində olan bölgələr həmin gün yerli vaxtla saat 14:24-də yenə mərkəzi Kahramanmaraş (Elbistan rayonu) olan 7,6 bal gücündə yeraltı təkanla sarsıldı.

Zəlzələ Türkiyənin Kahramanmaraş, Hatay, Kilis, Diyarbəkir, Adana, Osmaniyə, Qaziantep, Şanlıurfa, Adıyaman və Malatya vilayətləri ilə yanaşı, qonşu Suriyada da böyük dağıntı və tələfat törətdi.

Azərbaycanın da ilk gündən yaxından iştirak etdiyi axtarış-xilasetmə işləri həftələrlə sürdü. Açıqlanan rəqəmlərə görə, zəlzələ nəticəsində 53 min 537 nəfər həlak olub. 107 min nəfər müxtəlif bədən xəsarətləri alıb. Yeraltı təkanlar zamanı ümumilikdə 40 minə yaxın bina dağılıb. Dünya Səhiyyə Təşkilatı da bu zəlzələləri bölgənin ən böyük fəlakəti kimi qiymətləndirib.

Fevralın 6-da gecə saatlarında Türkiyənin hər yerində ötən ilin 6 fevral zəlzələlərində həyatını itirənlərin xatirələri anılıb. Zəlzələ bölgələrində insanlar gecəni küçələrdə keçiriblər. Minlərlə insan əllərində Türkiyə bayraqları və çiçəklərlə yürüş ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan da xalqa mesajında əsrin fəlakətində ölkəsinin əsrin birliyini nümayiş etdirdiyini bildirib.

Zəlzələnin birinci ildönümündə təxminən 46 min yeni mənzil sahiblərinə təqdim edilir. Qarşıdan gələn iki ay ərzində isə daha 75 min mənzilin sahiblərinə təqdim edilməsi planlaşdırılır. Bu rəqəmin ilin sonuna qədər 200 minə çatacağı gözlənilir.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, zəlzələ bölgəsində 414 şəhərcikdə ümumilikdə 215 mindən çox konteyner quraşdırılıb və 691 min nəfər konteyner evlərdə yaşayır.