«Arazbarı» kitabı haqqında düşüncələr
   

   Nəğmə soraqlı, şeir yarpaqlı bu kitabı çox ehtiyatla vərəqlədim. Doğrudur, əvvəllər Sona Vəliyevanın bir neçə mahnısına qulaq asmışdım, xoşuma gəlmişdi, amma şeirlərinə beləcə vurğun kəsiləcəyimi ağlıma da gətirə bilməzdim. Açığı, son illər mənə bağışlanan kitabları - müəllifini tanımasam - oxumağa vaxt xəsisliyi edirəm. Çünki şeir adı ilə işıq üzü görən bu makulaturalar həmişə əsəblərimi dara çəkir. Şeir ki təmiz hisslərin aynası olmadı, təsiri yoxdur, heç o kitabı vərəqləməyə də dəyməz.
   
   Qəzetlərdən aldığım bir xəbər - Sona Vəliyevanın «Arazbarı» kitabını İranda müsadirə edərək Naxçıvana aparılmasına icazə vermədilər - məndə həmin topluya səngiməz bir maraq oyatdı. Elə qadağa var ki, əsl təbliğata xidmət edir. Məhz bu xəbərdən sonra oxucularda həmin kitaba böyük bir sevgi yarandı. Oxuduğum ilk misralar da könül mülkümə od vurdu:
   
   Sökülən köhnə evimiz
   Əl çəkmir məndən yuxumda.
   Anam oturub səkidə
   Əli qoynunda...

   
   Varlığımdan oldum. Bu qəm və xiffət dolu poetik düşüncə məni elə silkələdi, ürəyimi elə tərpətdi ki... Bu tanış və doğma dərdin titrək ahəngində öz duyğularımın da çırpındığını hiss etdim. 1988-ci ilin soyuqlu bir payız günündə ermənilər tərəfindən zorla evindən çıxardılaraq dərədə qarın içinə atılan anamın - eləcə də yüzlərlə həmkəndlimin acı fəryadlarını eşitdim. İyirmi ildən çoxdur ki, çırağı söndürülmüş ata yurdumun xarabalıqları mənim də yuxumdan beləcə çəkilmir.
   Ciyəri susuzluqdan alışan adam kimi «Arazbarı»dakı poetik çeşməni birnəfəsə qəlbimə çəkdim. Yanğım sönmədi, tüstüm təpəmdən çıxdı. Müəllifin hər misrasında kövrək bir ürək döyünür. Şeirləri oxuduqca könlüm dəli ruzigarla kökləndi. İtmiş günlərin xəyalı yaxamdan yapışaraq məni dəli kimi silkələdi. Duyduğum budur ki, Sona Vəliyevanın «Arazbarı» kitabı əslində öz ruhunun iç dünyasının şəkilidir. Müəllif bu şəkli incə bir ruhla, həssas və dərin hisslərlə elə canlı, cəlbedici, təsirli naxışlayıb ki, qəlbində uyuyan ruhun rəngini sözlə ifadə etmək çətinliyi bir yana, onun rəngini də yaratmaq poetik tapıntıdır: «Ruhum budaqda yarpaq, küləyə, havaya bənddir». Bu bənzətmənin özü də qəribədir. Hətta ruhuna səpilən sözü deyilməmiş bir dərdə çevirmək, bu da şairin ustalığıdır. Kitabı oxuduqca ürəyimdən keçən bir fikri ifadə etməkdən şükranlıq tapdım. Yaxşı ki belə təbii, ilhamlı şairlərimiz var. Yoxsa sözü urvatdan salan qafiyəbazların əlindən cana gələrdik.
   «Sərçələrin yurd sevgisi» adlı şeiri isə mənim nə vaxtsa bu vəfalı quşlara həsr etdiyim nəğmələri yadıma saldı. Ömürlük vətənə bağlanan sərçələr heç zaman köçəri quş kimi məlahətli oxuya bilmir. Amma həmişə də biz «qonaqların» mahnısına məftun kəsilmişik. Heç vaxt fərqinə varmamışıq ki, qar-qış gələn kimi qaranquşlar da, min cür rəngli və adlı qanadlı gözəllər uçub uzaqlara gedəcəklər. Bizə qalansa bax bu qədrini bilmədiyimiz, vəfasını, etibarını dəyərincə qiymətləndirmədiyimiz sərçələr olacaq. Payız sitəmindən dolan, ağacların qanadlarına qonaraq cikkildəyən quşcuğazlar: «Sərçələr yuva qururlar, sərçələr yuva qoruyurlar». Bu da təbiətin möcüzəsidir, bəlkə də görküdür.
   Bəzən qalın-qalın kitabları vərəqləyərək içində qəlbdən xəbər verən, ürəyə təsir edən bir misra belə tapa bilmirsən. Sona Vəliyevanın elə şeirləri var ki, tək bircə beytinin qarşısında heyrətlənib saatlarla düşünmək olur.
   
   Nur dedim, nurumuz hanı?
   İnsan oğlu Yer sultanı,
   Bu xalqın tale kotanı
   Daşa düşübdü, düşübdü.

   
   Düşündürücüdür. İllərdir düyünə düşmüş haqq işimizin min arşın quyunun dibində dəfn edilməsidir. Bəzən müəllifin vətənpərvərlik duyğularında bir sərkərdəlik, bir döyüşkənlik ruhunun at üstündə meydana çıxdığını, hayqırdığını hiss edirsən. Ötən günlərin məğlubiyyət xəcalətindən sıyrılaraq qəhrəmanlığa - qələbəyə aparan bu yolun müqəddəsliyi sənə hansı mətləbləri anlatmır?
   
   Vətən deyib yola varan,
   Zülmdə də haqq axtaran,
   Şuşaya ilk bayraq asan,
   Könlümə qardaş düşübdü.

   
   Bu qardaşı Tanrı hamımıza yetirsin, Sona xanım! Şuşada hara bayraq asılsa, şair Ramiz Qusarçaylının təbirincə söyləsək, o yerə pir, ocaq deyəcəyik! Bu şərəfli günün olacağından ümidini üzməyən şairin İlahidən möhlət istəməsi də təsirlidir:
   
   Əl uzatdım qılınca, əlim qoldan kəsildi,
   Yol başladım Şuşaya, yolum yoldan kəsildi.
   Hanı ağ atlı oğlan, səbri kəsik-kəsikdir,
   Möhlət ver bizə, Allah, bu torpağı almağa,
   Bir az möhlət ver, Allah, dünyanı tanımağa.

   
   Bu şeir 2002-ci ildə yazılıb. Dünyanı kifayət qədər tanıdıq. Torpağı almağa möhlət də verildi. Şairin ruhu bir inama söykənərək sanki adamı nağıl dünyasına çəkir. Əli qılınclı igidlərin at üstündə meydana çıxmasını yada salır. Bu zülmət dünyaya işığın doğacağına inanır şair.
   
   Vətəndə vətənə varaq,
   Yolu yarıyolda qoyaq.
   Haqqa üz tutub yalvaraq,
   Çıxaq döyüşdən qəhrəman,
   Yol başlayıb gedən karvan.
   
   Amin! Müəllifin «Yollar» adlı şeiri də bugünümüzün ağrı-acılarından yoğurulmuş, eləcə də vətən haqqında ən yaxşı şeirlərdən biridir. Bu şeirdəki ruh insanı ayıqlığa, sayıqlığa çağırır. Həqiqətən də vətəndə bir qərib ömrü yaşayanlar bu şeiri dinləyərkən ürəyi para-para olur. Azərbaycanın dilbər guşəsi Naxçıvana ancaq təyyarə ilə gedib-gələ bilərik. Qonşu ölkədən də keçmək istəsək, bizi o qədər incidəcəklər. Elə bu «Arazbarı» kimi ruhumuzun şəkli çəkilmiş kitabları insafsızcasına, qəddarcasına əlimizdən alacaqlar. Müəllifin bənzətməsi içimizi doğrayır:

   Karvanı kəsilib, qatarı gedib,
   Damar tək quruyur bu cansız yollar.
   
   Xəyalımız haralara qanadlanmır? Bakı-Naxçıvan qatarı, Bakı-İrəvan qatarı. O bəxtəvər günlərin boxçası çoxdan bükülüb. Hərdən səmadan seyr etdiyimiz qədim Göyçə gölü Sevan olub gözümüzə dağ çəkir. Dünyanın hansı qitəsinə, hansı başına desən, gedərik. Doğma Zəngəzurdan, Göyçədən, Dərələyəzdən, Şuşadan, Cəbrayıldan, Kəlbəcərdən, Qubadlıdan... başqa! İnsan özünü nə ovuda bilir, nə də bu dərdlərin əlində yumağa dönən bir əzizinin könlünü almağa güc tapır. Müəllifin yana-yana söylədiyi «Mənim qollarımı körpü eləyin» misraları adamı dirigözlü öldürür.
   İnsan ömrü boyu bir çox dərdlərə hazırdır. Bilir ki, qapısını nə vaxtsa qohum-əqrəba, dost, tanış, ata, ana itkisi döyəcək. İnsanın ağlına gətirmədiyi, hazır olmadığı ən dəhşətli itki isə vətənin əldən getməsidir. Buna ömrü boyu tab gətirmək mümkün deyil. Vətənsizlik insanın ürəyinə elə bir yara vurur ki, həmişə qan verir. Hər gecə yuxuda kəndi görürəm. Sona Vəliyevanın şeirləri mənim ruhumu varlığımdan alaraq haralara aparmadı? Müəllifin şeirləri mənim uşaqlıq illərimin xatirələri uyuyan, beşiyi yellənən, indi viranə qalan, məzarlıqları alt-üst olan doğma yurduma bir ağı dedi:
   
   Ana köçüb, bacı köçüb bu kənddən,
   Şərbət köçüb, acı köçüb bu kənddən.
   Oğulların tacı köçüb bu kənddən,
   Kimsə yoxdur ağı desin bu kəndə.

   
   Barısı sökülən, ağacı quruyan, suyu kəsilən, işığı olmayan, iti zəncirdə ölən o yurd yerlərində indi bayquşlar ulayır. Ürəyimə qəm yağışı ələyən bu şeirlərin ahənginə qoşulub getmək istədim. Qollarımdan yapışan misraların harayı, görün, nələr pıçıldadı?
   
   Bu necə yolçuluq, bu necə qismət,
   Bir qara qorxunu içimə udub.
   Bu siyah gecənin ucundan tutub,
   Baş alıb hara gedirəm belə?   

   Gedən yerimmi var?! Yolları bağlı dağların dumanı çox qatıdır.
   Sona Vəliyevanın şəninə həzin nəğmə söylədiyi müqəddəs varlıqdan biri də Anadır. Bizi dünyaya gətirən, böyüdən, tərbiyə edən, hər cür ülfətlə, məhəbbətlə, sevgi ilə əzizləyən Ana! Sonra da heç nə olmayıbmış kimi həyatımızdan uzaqlara çəkilən müqəddəs qadın! Yaşdan asılı olmayaraq onun bir «can» kəlməsi üçün nələrdən keçmərik? Titrək əllərinin sığalını görmək üçün ömrümüzü qurban vermərikmi? Dünyada elə bir qüvvə yoxdur ki, onun qarşısında bu qədər həlim, müti, sevimli ola bilək. Ana, Ana, Ana!.. Amma biz onun borcunu qaytara bilirikmi? Görün, Sona Vəliyeva analı günləri ilə bağlı nə gözəl deyib:
   
   Bitdi o nağılım, bitdi,
   Mən ölüncə əmanətdi,
   Əlini mənə verdi getdi,
   Balamı əzizləyin!
   

   Həqiqətən də itməyən, bitməyən ana ömrünün davamı belə yaşanır. Biz ana borcunu öz balamıza qaytara bilirik. Müəllifin anaya ünvanlanmış şeirləri hissə, duyğuya qəribə bir kövrəklik ələyir və bu tanış, doğma xiffətin ahəngində sanki özünü, uşaqlığını görür, ananla görüşür, boyundan yuxarı dayanan dərdin, dizinə belə çatmayan sevincin içində yırğalanırsan. Bütün varlığın göynəyir. Allah insaf versin Sona xanıma. Analı günlərimizi yada salaraq bizə nələri xatırlatmır? Sakit ürəklə oxumaq olmur bu şeirləri. Yanağımda iz salan gümüşü sular sanki yenidən məni o çağlara qanadlandırır. Kaş ki qapımıza yetəydim. Anamın qarşısında diz çöküb başımı onun qollarına söykəyəydim. Allah bütün analara cansağlığı, dünyasını dəyişmişlərə behişt rahatlığı versin:
   
   Oğulsan, döz görüm bu ehtiyaca,
   Dözülməz, satılmaz, çəkilməz bu dərd.
   Yanımda bir kimsə ana çağırsa,
   Burnumun ucunda bir kənd göynəyər.
   

   Bu misralarda taleyimi görürəm. Ürəyim şan-şan olur. Çünki anamla kəndimizi qoşa itirmişəm. Nə edirsən Sona xanım? Köksündə nə boyda həssas ürək çırpınır? Təkcə öz ruhunun yox, dərddaşlarının - oxucularının da ruhunun şəklini çəkirsən. Bu kitabı başa vurduqca ruhum neçə dəfə bədənimdə oynadı. Sən yadıma nələri salmadın? Qəmimin, nisgilimin sarbanını misralarına bəndləyib məni ulu Tanrının dərgahına apardın:
   
   Bir yol açılar, gəlləm,
   Bir gün seçilər, gəlləm,
   Bir gün öncədən biləm,
   Deyəm ki, gəldim, İlahi!
   

   Əlavəm yalnız budur ki, o gün əllərimi səmaya qaldırıb şükür edəm, İlahi, yurduma gəldim!
   Təkcə ruhunun şəklini çəkməyib Sona Vəliyeva, həm də misralarla qəlbinin kamanını da çalıb. Gah lay-lay deyib, gah ağı çəkib. Gah da qüdrətli bir Ana kimi hayqırır: «E-hey, igidlər, Vətən sizi gözləyir, yollar sizi səsləyir». İçindən gələn bütün nəğmələri «Arazbarı» üstündə oxunur:
   
   Göyçə, Şuşa, Təbriz dərdi
   Köhnəldikcə təzələndi.
   Sönüb külümdən közərdim,
   Odum boyumdan yuxarı -
   «Arazbarı».

   
   Flora Xəlilzadə,
   yazıçı-publisist