Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uzunmüddətli apardığı işlər nəticəsində bu ölkənin bir sıra aparıcı universitetlərində Azərbaycan dilinin tədrisinə başlanılıb.
Mərkəzdən bildirilib ki, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universiteti Filologiya fakültəsinin tələbələri üçün aparılan dərslərdə Azərbaycan əlifbası, dilimizin fonetika, lüğət və qrammatikası, onun öyrənilmə metodikası tədris olunur. Dərsləri Azərbaycan dili üzrə mütəxəssis - pedaqoq Mətanət Xudiyeva aparır.
Mərkəz ilə Azərbaycan Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, Özbəkistanın sözügedən universitetlərində Azərbaycan dili fənnini tədris etmək məqsədilə Mərkəzin baş mütəxəssisi, alim Mətanət Xudiyeva cari ilin yanvar ayından Daşkəndə ezam olunub.
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetində aparılan Azərbaycan dili dərsləri tələbələr tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, gələcəkdə Özbəkistan universitetlərində Azərbaycan dili ilə yanaşı, Azərbaycan ədəbiyyatı, tarixi fənlərinin tədrisi də həyata keçiriləcək.